XAÇMAZ MODUL TİPLİ ELEKTRİK STANSİYASININ AÇILIŞ MƏRASİMİNDƏ PREZİDENT İLHAM ƏLİYEVİN NİTQİ
Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram və Xaçmaz elektrik stansiyasının açılışı münasibətilə təbrik edirəm.
Bu stansiyanın açılışı çox böyük hadisədir. Son illər ərzində Azərbaycanda energetika sektoruna göstərilən diqqətin əlamətidir, onun əyani sübutudur. 2006-cı ildə artıq üçüncü stansiya istismara verilir. Bu stansiyaların işə düşməsi həm Azərbaycan iqtisadiyyatına böyük dəstək və köməkdir, eyni zamanda, insanların sosial problemlərinin həlli üçün də çox önəmlidir. Çünki ölkəmiz yeniləşir, müasirləşir, abadlaşır və biz çox istəyirik ki, həm iqtisadi potensial inkişaf etsin, həm də insanların sosial problemləri həll olunsun. Buna nail olmaq üçün biz, əlbəttə ki, elektrik enerjisi hasilatını artırmalıyıq.
Azərbaycanda çox böyük potensial var, təbii sərvətlər var. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlanması ilə Azərbaycan öz enerji potensialını işə salıbdır. Azərbaycanda yeni neft yataqları istismara verilib, neft kəmərləri tikilib və bu gün Azərbaycan böyük neft hasil və ixrac edən ölkəyə çevrilibdir. Əlbəttə ki, bizim iqtisadi vəziyyətimiz də yaxşılaşır. Bununla bərabər, biz özümüz enerji təhlükəsizliyimizi də təmin edirik. Ona görə zəngin təbii sərvətlərə malik olan Azərbaycanda mütləq və mütləq bütün energetika sistemi yeniləşməlidir. Biz əlavə enerji güclərinin işə salınması ilə iqtisadiyyatımızın gələcək istiqamətlərini müəyyən edirik.
Azərbaycanda çox güclü sənayeləşmə prosesi getməlidir, yeni müəssisələr - zavodlar, fabriklər, güclü iqtisadi potensial yaradılmalıdır ki, ölkəmiz hərtərəfli inkişaf etsin. Bunu etmək üçün mütləq və mütləq kifayət qədər elektrik enerjisi olmalıdır. Ona görə, ilk növbədə, elektrik stansiyalarının tikintisi böyük əhəmiyyət kəsb edir.
Burada qeyd olundu, Azərbaycanda geniş energetika proqramı icra edilir. Modul tipli stansiyaların üstünlüyü ondadır ki, çox qısa müddət ərzində tikilib istismara verilir. Xaçmaz elektrik stansiyasının təməlqoyma mərasimi mart ayında keçirilmişdir. Yəni bir ildən az bir müddətdə stansiya işə düşüb və 87 meqavat elektrik enerjisi istehsal edəcəkdir. Nəzərə alsaq ki, bu bölgənin bütün qış aylarında enerji tələbatı 130 meqavat, yaz aylarında isə 90 meqavatdır, onda görərik ki, bir stansiyanın işə düşməsi ilə bütün bölgənin enerji problemi həll edilə bilər və məqsəd də məhz bundan ibarətdir. Azərbaycanda bütün bölgələrdə elektrik enerjisi olmalıdır, istənilən vaxtda evlərdə işıq yanmalıdır, müəssisələrin fəaliyyəti üçün enerji olmalıdır və biz bunu yaradırıq. Naxçıvanda və Bakıda növbəti stansiyalar da açılışa hazırlanır.
Beləliklə, bir il ərzində Azərbaycanda əlavə 450 meqavat elektrik enerjisi hasilatı təmin olunacaqdır. Bizim iqtisadiyyatımız inkişaf edir, enerjiyə olan tələbat artır. Biz gələcəyə baxmalıyıq. Bilirik ki, Azərbaycanı nələr gözləyir. Azərbaycan çox zəngin ölkəyə çevriləcək, çox güclü sənaye potensialı yaranacaqdır və bu məqsədlə işlər görülür. Dövlət İnvestisiya Şirkətinin yaradılması, sahibkarlığın inkişafı – bütün bunlar Azərbaycanda, ilk növbədə, sənaye potensialının möhkəmlənməsinə gətirib çıxaracaqdır. Bunu təmin etmək üçün mütləq və mütləq elektrik enerjisi lazımdır. Azərbaycanda görülən işlər artıq öz nəticələrini verməkdədir və bir neçə ildən sonra biz əyani şəkildə bunu görəcəyik. Bütün istiqamətlərdə proqramlar var və onlar icra olunur. Elektrik stansiyaları tikilir, şəhərlərimiz abadlaşır, məktəblər, tibb ocaqları tikilir, yollar salınır, qaz xətləri çəkilir. Bütün bunlar həm ölkənin uğurlu inkişafı üçün, həm də insanların normal, rahat yaşaması üçün lazımdır. Azərbaycanın bu sahədə siyasəti birmənalıdır: iqtisadi inkişafa nail olmaq, eyni zamanda, sosial məsələləri də həll etmək.
Bizim büdcə gəlirlərimiz ildən-ilə artır. Son üç-dörd il ərzində büdcə gəlirlərimiz 3-4 dəfə artmışdır və bu bizə imkan verir ki, həm maaşlar, pensiyalar artırılsın, insanları narahat edən problemlər aradan qaldırılsın, eyni zamanda, investisiyalar qoyaq. Bu stansiya Azərbaycanın öz vəsaiti hesabına tikilmişdir. Bilirsiniz ki, əvvəllər hansısa böyük sənaye obyektini tikməkdən ötrü biz kreditlər üçün beynəlxalq maliyyə qurumlarına müraciət edirdik və o da çox vaxt aparırdı. Bəzi hallarda illərlə danışıqlar aparılırdı. Bəzi hallarda Azərbaycanın qarşısında çox çətin şərtlər qoyulurdu. Ancaq indi biz buna o qədər də böyük ehtiyac görmürük.
Çünki, Azərbaycanın öz daxili imkanları artır, bizim vəsaitimiz var və bunu Azərbaycanın hərtərəfli inkişafına yönəltməliyik.
Hər bir ölkənin iqtisadiyyatı üçün elektrik enerjisinin istehsalı və onunla təminat başlıca şərtdir. Bunsuz heç bir ölkə inkişaf edə bilməz. Yəqin ki, dünyada gedən prosesləri də siz izləyirsiniz. Bu gün enerji təhlükəsizliyi dünya siyasətinin öncül məsələsinə, birinci məsələsinə çevrilibdir. Bundan əvvəl tarixdə heç vaxt belə hallar olmamışdır ki, məhz enerji məsələləri dünyada gedən proseslərə təsir etsin və ölkələrin enerji təhlükəsizliyini və bununla bərabər, bütövlükdə təhlükəsizliyini, siyasətini müəyyən etsin. Azərbaycan bu baxımdan əlverişli vəziyyətdədir. Çünki təbii sərvətlərimiz var və ən önəmlisi ona görə ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin bağlanması ilə biz artıq bu təbii sərvətlərin işlənilməsi, dünya bazarlarına çıxarılması, Azərbaycanın təmin olunması və önəmli enerji neft, qaz ixrac edən ölkəyə çevrilməsi məsələlərinin həllinə nail ola bilmişik.
Enerji təhlükəsizliyi məsələləri, əlbəttə ki, Azərbaycanın rolunu artırır. Çünki bizdə artıq güclü enerji potensialı var, neft, qaz kəmərləri var. Avropa İttifaqı ilə bir ay bundan əvvəl enerji sahəsində strateji əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Beləliklə, Azərbaycanın həm iqtisadi, həm də siyasi çəkisi artır. Bu da bizi, əlbəttə ki, çox sevindirir. Çünki ölkəmizin potensialı artdıqca, bizim qarşımızda duran məsələlərin həlli üçün də yeni imkanlar yaranır.
İqtisadi inkişaf, iqtisadi potensial əsas məsələdir. Biz 15 ildir ki, müstəqil dövlətik və müstəqillik ən böyük dəyərdir, ən böyük nemətdir. Bu müstəqilliyi əbədi, dönməz etmək və möhkəmləndirmək üçün mütləq və mütləq iqtisadi imkanlar olmalıdır. Biz öz daxili imkanlarımıza arxalanırıq, güvənirik. İqtisadi cəhətdən azad, müstəqil olmaqla, biz siyasi cəhətdən də azad və müstəqilik. Azərbaycanın müstəqil siyasət aparmaq imkanları, ilk növbədə, iqtisadi imkanlardan qaynaqlanır. Bütün bu məsələlər bir-biri ilə sıx bağlıdır. Azərbaycanda həm iqtisadi, həm siyasi, həm də sosial məsələlərin həlli çox uğurla icra edilir. Müxtəlif proqramlar var, onlar da uğurla icra edilir.
Neft strategiyamız artıq sübut edib ki, Azərbaycanın imkanları nə dərəcədədir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin bu il işə düşməsi tarixi hadisədir. Azərbaycanın tarixində bu vaxta qədər belə bir hadisə olmamışdır. Bu, həm bizim üçün, həm də bölgə və dünya üçün çox önəmli və əvəzsiz hadisədir. Qaz yataqlarının işə düşməsi, neft kəmərlərinin tikintisi, nəqliyyat dəhlizlərinin yaradılması – bütün bunlar ölkəmizin siyasi və iqtisadi önəmini artırır.
Bununla bərabər, gündəlik məsələlər də öz həllini tapmalıdır. Bu stansiyanın timsalında biz bütün bu məsələləri görürük. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı artıq 3 ilə yaxındır ki, icra olunur. Bu müddət ərzində ölkəmizdə 500 min yeni iş yeri açılmışdır. İş yerlərinin açılması, yeni müəssisələrin işə düşməsi, ilk növbədə, iqtisadi potensialı güclənidirir, digər tərəfdən, işsizlik probleminin həlli üçün də kömək göstərir.
Azərbaycanda işsizlik, yoxsulluq kəskin şəkildə aşağı düşübdür. İndi bizim məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda tamamilə işsizlik olmasın və yoxsulluq aradan qaldırılsın. Bu sahədə biz beynəlxalq maliyyə qurumları ilə işləyirik, amma bunu, ilk növbədə, öz daxili imkanlarımız hesabına edirik. Büdcənin, maaşların ildən-ilə artması, minimum əmək haqqının, pensiyaların artması Azərbaycanda yoxsulluğa son qoyulmasına gətirib çıxaracaqdır. Gələn ilin əvvəlindən minimum əmək haqqının yenə artırılması nəzərdə tutulur. Bildiyiniz kimi, ildə iki dəfə biz bu məsələyə baxırıq və ildə iki dəfə minimum əmək haqqı artırılır. Çünki insanlar daha da yaxşı yaşamalıdırlar.
Bizdə uğurlarla bərabər, problemlər də kifayət qədərdir. Biz bunu bilirik və həll etməyə çalışırıq. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurla icrası məhz bu problemlərin aradan qaldırılmasına gətirib çıxaracaqdır. Çünki əsas problemlər bölgələrdədir və bölgələrin inkişafı Azərbaycanın inkişafı deməkdir. Bölgələrdə iş yerlərinin yaradılması Azərbaycanın hərtərəfli inkişafı deməkdir. Əlbəttə ki, biz öz iqtisadi potensialımızı energetika amilinə bağlayırıq. Bu da təbiidir. Hər bir ölkənin aparıcı sənaye istiqaməti var. Hər bir ölkə, xüsusilə keçid dövrünü yaşayan, inkişaf etməmiş ölkə hansısa təbii resurslara söykənir. O cümlədən Azərbaycan. Ona görə indi və bundan sonra da uzun illər ərzində neft-qaz amili Azərbaycan iqtisadiyyatı üçün aparıcı rol oynayacaqdır və bunda heç bir qəbahət yoxdur. Başqa ölkələr də buna oxşar vəziyyətdədir.
Ancaq bununla yanaşı, ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün mütləq qeyri-neft sektoru inkişaf etməlidir. Çünki neft sektorunda, - başqa ölkələrin təcrübəsi bunu göstərir, - iş yerlərinin açılması o qədər də sürətlə getmir. Ona görə qeyri-neft sektoru, kənd təsərrüfatı, güclü sənaye potensialının yaradılması - bütün bunlar indi bizi düşündürən əsas məsələlərdir. Bu istiqamətdə işlər görülür.
Bilirsiniz ki, sahibkarlığın inkişafı üçün böyük işlər görülür, dövlət büdcəsindən təxminən 100 milyon dollar həcmində kreditlərin verilməsi nəzərdə tutulur. Bu il artıq həll olunub, gələn il üçün də nəzərdə tutulur və minlərlə sahibkar kreditlərin hesabına yeni müəssisələr yaradır, öz həyat səviyyələrini yaxşılaşdırırlar, iş yerləri açılır. Əminəm ki, Dövlət İnvestisiya Şirkətinin yaradılması ilə Azərbaycanda sənayenin inkişafı çox sürətlə gedəcəkdir. Bu, indi bizim qarşımızda duran əsas məsələdir. Azərbaycanda yeni, müasir dünya standartlarına cavab verən sənaye müəssisələri yaradılmalıdır. Əlbəttə ki, onları dövlət yarada bilməz. Çünki Azərbaycan iqtisadiyyatı bazar prinsipləri ilə idarə olunur. Amma dövlət buna dəstək verə bilər və İnvestisiya Şirkətinin yaradılması məhz bu məqsədi daşıyır. Orada 100 milyon dollar dəyərində vəsait var və o vəsaitlə sahibkarlarla birlikdə Azərbaycanda yeni, müasir müəssisələrin tikintisi nəzərdə tutulmalıdır.
Bir sözlə, ölkəmizin gələcək inkişafı qarşıda duran bütün problemlərin həlli üçün imkan yaradacaqdır.
Bizim iqtisadiyyatımız bazar iqtisadiyyatıdır, daxili resurslara əsaslanır, heç bir yerdən bizə heç bir yardım, kömək gəlmir. Buna ehtiyac da yoxdur. Biz güclü olmalıyıq, özümüz öz siyasətimizi aparmalıyıq və ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Elə etməliyik ki, Azərbaycanın iqtisadi potensialı daha da möhkəmlənsin, bizim siyasi çəkimiz daha da artsın və ən önəmlisi isə, insanlar daha da yaxşı yaşasınlar. Prezident kimi mənim qarşıma qoyduğum əsas məqsədlər, məsələlər bunlardır - güclü iqtisadiyyat, Azərbaycanın dünyadakı mövqelərinin möhkəmləndirilməsi və yüksək həyat səviyyəsinin təmin edilməsi. Buna da biz nail olmalıyıq.
Mən məqsəd qoymuşam ki, Azərbaycan inkişaf etmiş ölkəyə çevrilsin. Buna nail olmaq üçün bizdə bütün imkanlar var. Təbii sərvətlər var, bu sərvətləri dünya bazarlarına çıxarmaq üçün infrastruktur var, düşünülmüş proqramlar, konsepsiya var və bunlar da uğurla icra edilir. İnsanlar da çox istedadlı, bilikli, savadlıdır. Məhz buna görə biz bütün iqtisadi amillərlə yanaşı, humanitar məsələlərə də böyük diqqət göstəririk. Bilirsiniz ki, Azərbaycanda məktəb tikintisi geniş vüsət alıbdır. Yeni tikilən bütün məktəblərdə kompyuter quraşdırılır, internetə qoşulur. Gərək uşaqlar kiçik yaşlarından dünyada gedən prosesləri izləsinlər, ən qabaqcıl texnologiyalara bələd olsunlar, bilikli olsunlar. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu, olmalıdır, həm də, əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir. Şübhə etmirəm ki, yaxın gələcəkdə Azərbaycan çiçəklənən dövlətə çevriləcəkdir. İnsanlar daha da yaxşı yaşayacaqlar, Azərbaycanın hər bir bölgəsi abadlaşacaq, gözəlləşəcəkdir. Bu, indi də var. Siz də yaxşı görürsünüz ki, Xaçmaz şəhəri də gözəlləşir, abadlaşır. Mən bir neçə dəfə Xaçmazda olmuşam, Prezidentlik dövründə də bir neçə dəfə gəlmişəm. Bu, mənim üçüncü səfərimdir və hər dəfə gələndə burada yenilikləri görürəm. Hələ bu gün səhər buraya gələrkən də gördüm. Sonra yeni yaradılmış müəssisələrə, başqa yerlərə də baş çəkəcəyəm. Xaçmaz şəhəri gözəlləşir, abadlaşır, başqa şəhərlər də. Bu, bizi çox sevindirir. Azərbaycanın gücü, bölgələrin gücündədir. Buna nail olmaq üçün bütün aidiyyəti qurumlar səmərəli işləməlidirlər. Yerli icra orqanları, mərkəzi icra orqanları, nazirliklər, bütün qurumlar, hər bir məmur vicdanla işləməlidir və öz vəzifə borcunu yerinə yetirməlidir. Mənim tələbim budur, mənim siyasətim budur. Mən çox şadam ki, son illər ərzində Xaçmaz şəhərində çox böyük quruculuq işləri aparılır. Bu, məni çox sevindirir. Bu, onu göstərir ki, əgər xoş niyyət, arzu varsa və doğma xalqına sevgi, məhəbbət varsa, istənilən məsələ öz həllini tapa bilər. Bütün bunlar da var və Azərbaycanın uğurlu, hərtərəfli inkişafı artıq gerçəklik, reallıqdır. Əsas vəzifə odur ki, biz bu yüksək templəri saxlayaq, davam etdirək. Qısa müddət ərzində Azərbaycanda bütün infrastrukturu yeniləşdirək, bizi narahat edən, insanları incidən bütün problemləri aradan qaldıraq, ədaləti tam bərqərar edək və ölkəmiz inkişaf etsin, Azərbaycan xalqı xoşbəxt yaşasın.
Mən buna əminəm, buna nail olmaq üçün əlimdən gələni edirəm və bundan sonra da edəcəyəm. Mən öz fəaliyyətimdə xalqa güvənirəm, xalqdan güc alıram və sizin dəstəyiniz məni daha da əzmkar edir, məni daha da güclü edir. Mən bunu hiss edirəm və ona görə bütün islahatları, siyasəti çox cəsarətlə aparıram. Mənim üçün ən başlıcası Azərbaycan xalqının xoşbəxtliyidir, Azərbaycan dövlətinin maraqlarıdır. Bütün siyasətim buna yönəldilib və əminəm ki, biz birlikdə, xalqın dəstəyi ilə Azərbaycanı hərtərəfli inkişaf etdirəcəyik, güclü, zəngin dövlət yaradacağıq.
Əziz dostlar, bu stansiyanın işə düşməsi ilə əlaqədar sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram. Arzu edirəm ki, bu stansiya Xaçmaza yeni dinamizm gətirsin, yeni təkan versin və Xaçmaz şəhəri, rayonu, xaçmazlılar, həmişə olduğu kimi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində fəal rol oynasınlar. Sağ olun.
(Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və dəfələrlə alqışlarla qarşılandı).