Xaçmazda veteran idmançıların ailələrinə yardım göstərilib
Xaçmaz, 28 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları veteran idmançılara və aztəminatlı ailələrə yardım ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına dəstək olan idarənin əməkdaşları tərəfindən ərzaq məhsullarından ibarət sovqatlar sosial dəstəyə ehtiyac duyan ailələrin ünvanına çatdırılıb. Həmçinin vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb. Vətəndaşlara özlərinin və ailə üzvlərinin sağlamlığı naminə karantin rejiminə tam məsuliyyətlə əməl etmələri tövsiyə olunub.
Vətəndaşlar göstərilən diqqət və qayğıya, eləcə də ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlərə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.