Xaçmazın Yeni Həyat qəsəbəsində qəzalı yaşayış binalarının yerində yenisi inşa olunur
Xaçmaz, 30 iyul, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində yeni bina inşa olunur.
Xaçmaz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilən yeni bina iki girişli və dördmərtəbəli olmaqla, ümumilikdə 33 mənzildən ibarət olacaq. Layihəyə əsasən, binada sakinlərin müasir tələblərə cavab verən, tam təhlükəsiz yaşayış şəraiti ilə təmin olunması üçün bütün zəruri infrastruktur və kommunikasiya xətləri nəzərdə tutulub.
İnşa işləri ilə tanışlıq zamanı Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bildirib ki, tikintinin müasir memarlıq tələblərinə uyğun aparılması, işlərin müəyyən olunmuş qrafikə əsasən vaxtında və keyfiyyətlə başa çatdırılması diqqət mərkəzindədir. Bununla bağlı aidiyyəti qurumların nümayəndələrinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Tikinti işlərinin qısa müddətdə yekunlaşdırılması və mənzillərin sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.
Müxbir – Elxan Yusifli