Xalça Muzeyində “Xalçaçı günü”nə həsr olunmuş sərgi açılıb
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Xalça Muzeyində xalçaçıların “5 may - Xalçaçı günü” peşə bayramına həsr olunan “Ənənələrin izi ilə” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanan əşyalar - xalça eskizləri, muzeyin kolleksiyasından xovlu və xovsuz xalçalar, xalça məmulatları və digər əşyalar nümayiş olunur.
Tədbirdə çıxış edən muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bu peşə sahiblərini bayram münasibətilə təbrik edərək bildirib ki, ölkəmizdə xalçaçılıq sənəti qədim tarixə malikdir. Qeyd edib ki, xalçalarımız beynəlxalq miqyasda dünya muzeylərində və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Xalça Muzeyi xalçaları qoruyub nümayiş etdirməklə bərabər, eyni zamanda, xalçaçılıq ənənələrini davam etdirir, bu sənəti yeni nəslə çatdırmağa çalışır. Ölkəmizdə toxuculuğun inkişafı haqqında Prezident İlham Əliyev tərəfindən bir sıra qanun və sərəncamlar imzalanıb. “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında Azərbaycan Respublikasının qanunu”, “Xalçaçı günü” peşə bayramının təsis olunması ilə bağlı sərəncamlar bu sahənin dövlətimiz tərəfindən diqqətdə saxlanmasının və xalqımıza məxsus bu qədim xalq sənətinin bu gün də yaşadılaraq gələcək nəsillərə çatdırılmasının bariz nümunəsidir.
Diqqətə çatdırıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və bu istiqamətdə göstərdiyi səyləri nəticəsində 2010-cu ilin noyabrın 10-da Azərbaycan xalça sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.