MƏDƏNİYYƏT
“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı pilot layihə keçiriləcək
Bakı, 3 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı pilot layihəyə start verilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, layihə ölkə başçısının imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Sərəncama uyğun olaraq gerçəkləşib.
Layihənin əsas məqsədi Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir.
Tədris planı bir ay müddətinə nəzərdə tutulub. Həmin müddət ərzində Azərbaycan Xalça Muzeyinin əməkdaşları mühazirə ilə çıxış edəcək, 1 nəfər xalçaçı-rəssam dərs iştirakçılarına əyani şəkildə milli naxışları çəkməyi, yerli toxucu isə xalçanın toxunması texnikalarını öyrədəcək.
Layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara eksponatlar haqqında geniş məlumatlar veriləcək. Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.