XALQ RƏSSAMININ YUBİLEYİ QEYD OLUNMUŞDUR
Gildiya bürosunun sədri, kinorejissor Hüseyn Mehdiyev tədbiri açaraq, M.Ağabəyovun yaradıcılığının bəzi məqamlarından danışmışdır. Diqqətə çatdırmışdır ki, ömrünü audiovizual sənətin inkişafına həsr edən bu istedadlı və bənzərsiz sənətkarın adı Azərbaycan kinematoqrafiyası tarixində xüsusi yeri olan “Nəsimi”, “Babək”, “Nizami” və s. kimi mürəkkəb quruluşlu tarixi filmlərin yaradılması ilə sıx bağlıdır. Tarixi filmlər üzərində işləyən hər bir yaradıcı adam ekran əsərinin bədii-təsvir həllinə qeyri-ənənəvi münasibətlə yanaşmalı, eyni zamanda, filmlərdə əks etdirilən tarixi dövrü dərindən bilməlidir. Yüksək erudisiyaya, həssas zövqə və duyuma malik Mayis Ağabəyov bu kino əsərlərinin plastikasının orijinal həllini taparaq, onların bədii keyfiyyətlərinin yüksək səviyyədə təcəssümündə mühüm rol oynamışdır.
Mayis Ağabəyovun böyük yaradıcılıq potensialına malik olduğunu vurğulayan xalq artisti, kinorejissor Eldar Quliyev, kinossenariçi, şair Ramiz Rövşən və başqaları yubilyarın rəssam kimi boyakarlıq janrında yaratdığı əsərlərdən, onların sənətkarlıq xüsusiyyətlərindən də söz açmışlar. Natiqlər bildirmişlər ki, yubilyarın əsərləri ölkəmizin paytaxtı ilə yanaşı, Moskva, Berlin, Almatı, İstanbul, Avinyon (Fransa), Vyanada keçirilən beynəlxalq sərgilərdə də nümayiş etdirilmişdir. Tabloları Avropa və Asiya ölkələrinin müzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
Tədbir iştirakçıları yubilyarı təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.