MƏDƏNİYYƏT
Xalq şairi Ramiz Rövşənlə görüş təşkil olunub
Bakı, 10 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində VIII Beynəlxalq Kitab Sərgisinin Xurşidbanu Natəvan təqdimat zalında Xalq şairi Ramiz Rövşənlə görüş və imza saatı keçirilib.
AZƏRTAC xəbər verir ki, şair görüş zamanı ədəbiyyat, poeziya, sənətlə bağlı qənaətlərini bölüşüb. Yeni nəsil, meydana qoyulan çağdaş mətnlər, şeir ruhu, ədəbiyyatın gücü və başqa məsələlər ətrafında fikir bildirən Ramiz Rövşən kitaba, mütaliəyə yönələn marağın onu sevindirdiyini vurğulayıb: “Sizin kitaba olan sevginizə heyranam. Əslində mən belə düşünürdüm ki, indi kitab mütaliə edən yoxdur. Amma siz mənə yanıldığımı göstərdiniz. Kitabı yazırıq ki, sevdiklərimizi saxlayaq, gördüklərimizi saxlayaq, zamanı saxlayaq. Mən indiki gəncləri həddindən artıq çox sevirəm. Səbəb isə odur ki, dünyanın hər üzünü bilən, ayıq, öz daxilində prinsiplərini, mənəvi dəyərlərini saxlayan gənclərimiz çoxdur. Mənim onlara ən böyük arzum budur ki, onlar sevməyi sevsinlər”.
Görüş sual-cavab əsnasında davam etdi. Şairin sevənləri ona poeziyası, şeirlərinin mövzusu, eləcə də çoxyönlü yaradıcılığının bir çox aspektləri ilə bağlı maraqlı suallar ünvanlayıblar. Onların hər birini özünəməxsus üslubda cavablandıran şair “Mənə bir dəfə belə bir sual ünvanlandı: “Ramiz müəllim, axı sizi sevməyənlər də var”. O zaman belə bir cavab verdim: “Bizi sevməyənlər bizi tanımayanlardır”, - deyərək əlavə edib ki, nə yaxşı ki, buradakı oxucular, yetişən gənclik məni tanıyanlardır. Belə auditoriya şair üçün hər zaman stimul, həyat qaynağıdır.
Daha sonra Ramiz Rövşən sevgi şeirlərini səsləndirərək oxucularının zövqünü oxşayıb, ardınca kitablarını imzaladı.
Qeyd edək ki, Xalq şairi Ramiz Rövşən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarı olub.