XALQ TEATRLARININ I ÜMUMRESPUBLİKA BAXIŞ-MÜSABİQƏSİNİN 2-Cİ TURUNA START VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 22-də Xalq Teatrlarının I Ümumrespublika baxış-müsabiqəsinin 2-ci turuna start verilmişdir. Bu münasibətlə həmin tura vəsiqə qazanmış müsabiqə iştirakçıları Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək, ulu öndərin əziz xatirəsini yad etmiş, abidəsi önünə əklil qoymuşlar.
Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Əlikram Əliyev jurnalistlərin suallarını cavablandıraraq bildirmişdir ki, iki turdan ibarət baxış-müsabiqədə ölkəmizin 11 bölgəsindən 44 xalq teatrı iştirak etmişdir. Məqsəd xalq yaradıcılığının inkişafı, mədəniyyət müəssisələrinin işinin daha da səmərəli təşkili, gənc nəslin özfəaliyyət teatr kollektivlərinə cəlb edilməsi, bölgələrdə əhalinin teatr sənətinə marağının artırılmasından ibarətdir. Birinci tur cədvələ uyğun martın 24-dən aprelin 18-dək regionlarda keçirilmiş və ikinci tura 14 kollektiv vəsiqə qazanmışdır.
Növbəti mərhələnin açılışı Abdulla Şaiq adına Dövlət Kukla Teatrında olmuş və Masallı rayonunun N.Cəncəvi adına mədəniyyət evinin xalq teatrının tamaşası göstərilmişdir. Hacı Mirabdullanın “Xocalıdan gələn səslər” əsəri əsasında rejissor Cəmaləddin Əliyevin quruluşunda təqdim edilən eyniadlı tamaşada əsas rolları Cəmaləddin Əliyev, Ülviyyə Xankişiyeva, Qardaşxan Bədirov və başqaları oynamışlar.
Xatırladaq ki, qalibləri 5 nəfərdən ibarət münsiflər heyəti seçəcək və aprelin 25-də saat 19:00-da təqdimat mərasimi keçiriləcəkdir. İştirakçılar və qaliblər üçün aşağıdakı mükafatlar təsis edilmişdir:
I yer üçün -1000 manat və I dərəcəli diplom
II yerə görə - 750 manat və II dərəcəli diplom
III mükafat - 500 manat və III dərəcəli diplom
Naminasiyalar üzrə:
Ən yaxşı rejissor işi üçün - 300 manat və diplom
Ən yaxşı musiqi tərtibatına görə - 250 manat və diplom
2 ən yaxşı qadın rolunun ifaçısına - 200 manat və diplom
2 ən yaxşı kişi rolunun ifaçısı üçün - 200 manat və diplom.
Ümumiyyətlə, II turda iştirak edən bütün kollektivlər baxış-müsabiqənin diplomları ilə təltif olunacaqlar.
######
![]() |
![]() |

