Xalqımız seçkilərdə fəal iştirak etməklə Azərbaycana qarşı qərəzli münasibət göstərənlərə öz mesajını göndərir
Bakı, 7 fevral, AZƏRTAC
Müstəqillik dövründə bir neçə seçki prosesinin iştirakçısı, müşahidəçisi, həmçinin namizədi olmuşam. Bugünkü seçkilər öz fərqliliyi ilə seçilir. Seçicilərdə bir coşqu müşahidə olunur. Yüksək seçici fəallığı xalqın seçki institutuna olan münasibətini göstərir.
Bunu AZƏRTAC-a müsahibəsində “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.
“Hər kəs bilir ki, Konstitusiyaya əsasən, Azərbaycanda dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır. Digər tərəfdən, son vaxtlar beynəlxalq platformalarda Azərbaycanın haqq işinə qarşı qısqanclıq var. Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı qərəzli münasibət müşahidə olunur. Xalqımızın seçkilərdə fəal iştirakı həmin münasibətə öz etiraz səsi, mesajıdır. Bugünkü seçkilər Zəfər seçkisidir və 2020-ci il iyulun 14-dən başlamış nəhəng proseslərin davamıdır. Bu gündən etibarən iyirmi illik dövr yeni bir mərhələyə keçir. Biz Vətən müharibəsində vahid yumruğa, milli iradəyə çevrilib qalib olduq. Xalqımız göstərdi ki, vacib məqamlarda birlik olub, ölkəmizə qarşı olan bütün qüvvələrə qarşı savaşa bilər”, - deyə E.Cəfərli bildirib.
Bu ilin çox mötəbər hadisələri özündə birləşdirdiyini deyən ekoloji təşkilatın sədri fikirlərinə belə davam edib: “Bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub, həmçinin COP29 Bakıda keçiriləcək. Həmin tədbirdə 80 min civarında qonağı qəbul edəcəyik. Bu, Azərbaycanın sosial-iqtisadi uğurlarını dünyaya çatdırmaq üçün böyük bir tribuna olacaq. Həmin günün təməli də məhz bu gün qoyulur”.