İDMAN
Xaybula Musalov: “Gümüş medal mənim üçün elə də böyük uğur deyil”
Bakı, 28 iyun, S.Allahverdiyeva, A.Yadigarov, AZƏRTAC
“Bərabər səviyyəli döyüş oldu. Hər şey Allahın əlindədir, deməli, belə olmalı idi”. Bu sözləri jurnalistlərə müsahibəsində birinci Avropa Oyunlarının gümüş mükafatçısı Xaybula Musalov deyib.
AZƏRTAC xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində finalda irlandiyalı Maykl O Reylli ilə qarşılaşan boksçumuz məğlubiyyətlə üzləşib. Nəticədə Xaybula Musalov yarışı ikinci pillədə başa vurub.
O bildirib ki, qazandığı nəticədən tam razı deyil: “Mən əlimdən gələni etdim. Maksimalist insanam. Gümüş medal mənim üçün elə də böyük uğur deyil. Əgər birinci deyiləmsə, ümumiyyətlə, medal almamaq daha yaxşı olardı. Təsəlliverici odur ki, dünya çempionatına vəsiqə qazandım. İnşallah, orada yaxşı çıxış etməklə, Olimpiadaya vəsiqə qazanmağa çalışacağam”.