“XƏZƏR: TƏBİƏTİN QİYMƏTLİ SƏRVƏTİNİ QORUYAQ”
Səhifədə Aşqabadda keçirilən “Xəzər dənizinin hidrometeorologiyası və ətraf mühitin monitorinqi” üzrə əlaqələndirmə komitəsinin 8-ci sessiyasının iştirakçıları – Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan nümayəndə heyətləri başçılarının müsahibələri çap olunmuşdur.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Səhrab Şirəliyev öz müsahibəsində qeyd etmişdir ki, 2003-2010-cu illərdə respublikamızda hidromeorologiyaya dair milli inkişaf proqramı hazırlanmış və Nazirlər Kabineti ilə razılaşdırılmışdır. Bu proqramın əsas istiqamətlərindən biri budur ki, dəniz hidrometeoroloji şəbəkəsi bərpa edilsin və modernləşdirilsin, ekspedisiya işləri dirçəldilsin, Azərbaycan beynəlxalq proqramlarda fəal iştirak etsin.
Materialda deyilir ki, son illər Naxçıvanda iki yeni meteoroloji stansiya açılmışdır. Bakı yaxınlığındakı Maştağa kəndində aeroloji stansiya isə bərpa edilir.
Müsahibədə Azərbaycanda bu sahədə görülən digər işlər haqqında da söhbət açılır.