XINALIQ KƏNDİNİN AĞSAQQALI SOLTANAĞA XƏLİLOVUN ÇIXIŞI
Bizim qədim kəndimizə xoş gəlmisiniz!
Sizin Xınalıq üçün gördüyünüz iş misilsizdir. Bu, tariximizin çox qiymətli bir anıdır. Qiymətli günlər haqqında tarixi rəvayətlər çoxdur. Allah-taala kəlamının 97-ci surəsinin ikinci ayəsində deyilir ki, bir gün min aya bərabərdir. Amma qırğız yazıçısı Çingiz Aytmatov isə deyir ki, gün var əsrə bərabərdir, əsr var günə bərabər deyil. Bizim bugünkü günümüz isə tarixi bəlli olmayan Xınalığın tarixinə bərabərdir. Allah Sizdən razı olsun, Sizə cansağlığı versin. Arzu edirik ki, Siz bizim əbədi Prezidentimiz olasınız. Milli Məclisdən, aidiyyəti orqanlardan xahiş edərdim ki, seçki qanunvericiliyində dəyişiklik edilsin və Siz ömrünüz boyu bizim Prezidentimiz olasınız. Bu, mənim səmimi ürək sözlərimdir.
Cənab Prezident, bizə göstərdiyiniz diqqət-qayğıya, çəkdirdiyiniz bu yola görə camaatın adından Sizə təşəkkür edirik. Çox sağ olun, Allah Sizi var etsin.
Bütün bunlarla yanaşı, bəzi məsələləri də diqqətə çatdırmaq istərdim. Bizim çətinliklərimiz var. İçməli su məsələsi çox çətindir, kəndin aşağı məhəlləsinə su getmir. Bir kilometrlik məsafədən gəlib su aparırlar. Bundan əlavə, biz telefondan istifadə edə bilmirik. Mobil telefondan ötrü qurğu yoxdur ki, istədiyimiz vaxt danışa bilək. Şəhərlərarası telefon isə əl vermir, çünki bir neçə mərhələdən keçmək lazımdır.
Əsas problemlərimizdən biri də gələcək nəsil üçün məktəb binasının olmamasıdır. Məktəbimiz bərbad vəziyyətdədir. Müvəqqəti məktəb tikilibdir, ancaq onun da vaxtı keçibdir. Burada qışda 30 dərəcə şaxta olur, bu cür şəraitdə uşaqlarımız sinifdə otura bilmir. Yanacaq məsələsi də çox çətindir. Nə qaz var, nə odun var, təzəkdən istifadə edirik. Xahiş edərdik ki, bu barədə bizə kömək edəsiniz.
Cənab Prezident, bizim əsas məşğuliyyətimiz qoyunçuluq, maldarlıq, əkinçilikdir. Bunun da vaxtı cəmi üç-dörd aydır. İndi görürsünüz, dağlardakı qar bizə bir növ xəbərdarlıq edir. Allah rəhmət etsin, Aşıq Ələsgər deyir ki:
Yayın ortasında dönürsən xana,
Son ayda bənzərsən yetkin bostana,
Payızın zəhmarı qoyar virana,
Dağıdar üstündən məlalı dağlar.
Cənab Prezident, bir məsələni də demək istəyirəm. Bizim torpaq sahələrimiz müxtəlif bəhanələrlə əlimizdən alınıbdır. Əvvəl bizdə 96 min hektar qış otlaq sahəsi var idi. İndi heç 50 min hektarı qalmamışdır və bunu da əlimizdən almaq istəyirlər. Bəhanə də ondan ibarətdir ki, guya bu torpaqları bələdiyyələrin işçilərinə yaşayış sahəsi kimi verirlər. Ancaq heç bir yerdə belə bir şey yoxdur. O torpaqlar bizdən alınıb kimlərəsə qoyun saxlamaqdan ötrü verilibdir. Məqsəd torpağı bizdən almaqdır. Xahiş edərdik ki, bizə məxsus olan ərazi sərəncamımıza keçsin və biz bir çox məsələlərdən asılı olmayaq. Yay otlaq sahələri də bizim üçün dolaşıqdır. Vaxtilə burada 5-6 min baş qoyun olubdur. İndi sayı 50 minə çatıbdır. Bu sayda heyvanın saxlanması üçün bizdə yer yoxdur. İstərdik, bunları nəzərə alıb bizə şərait yaradasınız.
Diqqətinizə görə çox sağ olun.
X X X
Prezident İlham Əliyev görüşdə nitq söylədi.