Xırdalanda daha bir küçə əsaslı şəkildə yenidən qurulur
Xırdalan, 1 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Xırdalan şəhərində daha bir küçə - Əvəz Şəfiyev küçəsi əsaslı şəkildə yenidən qurulur. Layihə çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı götürülüb.
Bu barədə AZƏRTAC-a Abşeron Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Hazırda ərazidə asfaltlanma işləri aparılır. Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılacaq.
İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.