Xızıda “Azərbaycanım” adlı onlayn rəsm müsabiqəsi elan edilib
Xızı, 1 may, Elxan Yusifli, AZƏRTAC
Xızıda 9 may - Qələbə gününün 75-ci ildönümü ilə əlaqədar “Azərbaycanım” adlı onlayn rəsm müsabiqəsi elan olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn müsabiqə Sumqayıt Regional Mədəniyyət İdarəsinin pandemiya dövrü üçün müəyyənləşdirdiyi təlimatlara uyğun olaraq, Xızı Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Cəfər Cabbarlı adına Xızı Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında keçirilir.
Müsabiqəyə qatılmaq istəyən iştirakçılar əsərinin fotosunu təşkilatçıların email ünvanına və “Facebook” səhifəsinin mesaj bölməsinə göndərməlidirlər. Müsabiqənin mövzusu, material və texnika seçimi sərbəstdir.
Qaliblər “COVID-19” infeksiyası ilə bağlı tətbiq olunan sosial izolyasiya tədbirləri ilə əlaqədar “Facebook” səhifəsində onlayn səsvermə əsasında müəyyən olunacaq. Qaliblər xüsusi karantin müddəti bitdikdən sonra fəxri fərman və hədiyyələrlə təltif ediləcək.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar hazırda Xızı rayonundakı mədəniyyət müəssisələrinin fəaliyyəti müasir informasiya texnologiyalarından geniş istifadə etməklə onlayn qaydada tənzimlənir. Xüsusi karantin dövründə mədəniyyət müəssisələrində koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiya işləri mütəmadi davam etdirilir, özünütəcrid şəraitində yaşayan, sosial ehtiyacı olan ahıl insanlara, təqaüddə olan mədəniyyət işçilərinə və aztəminatlı ailələrə maddi və mənəvi yardımlar edilir. Həmçinin vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl edilməsi, digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanır. Vətəndaşlara özlərinin və ailə üzvlərinin sağlamlığı naminə karantin rejiminə tam məsuliyyətlə əməl etmələri tövsiyə olunur.