Xocalı faciəsi Azərbaycan tarixinin ən acı xatirəsidir
Bakı, 26 fevral (AZƏRTAC). Avropa Azərbaycan Cəmiyyətinin Türkiyədəki nümayəndəliyinin təşkilatçılığı ilə İstanbul Ortaköy meydanında Xocalı qətliamının 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Təşkilatdan AZƏRTAC-a bildirilmişdir ki, yüzlərlə insanın iştirak etdiyi mərasimdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qətlə yetirilmiş insanların xatirəsinə ehtiram əlaməti olaraq 613 xüsusi işıqlı şar Bosforun səmasına buraxılmışdır.
Avropa Azərbaycan Cəmiyyətinin Türkiyədəki nümayəndəliyinin rəhbəri Rəna Rzayeva bildirmişdir ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən acı xatirəsidir. Həmin faciəli gecədə insanlar öz torpaqlarını, doğma yurd-yuvalarını, uşaqlıq xatirələrini itirmişlər.
TRT kanalının aparıcısı Defne Sarısoy qeyd etmişdir ki, Dağlıq Qarabağın ikinci ən böyük şəhəri olan Xocalı Azərbaycan tarixindəki ən amansız qırğına şahidlik etmişdir. Bu tədbir təkcə Azərbaycana aid deyil, bu ürək ağrısını bölüşən bütün türk dünyasına aiddir.
Xocalıda hər iki valideynini və bacısını itirmiş Xəzəngül Əmirova həmin gecənin canlı şahidi kimi bir daha o qanlı gecəni xatırlamışdır.
Tədbirdə “Natiq” ritm qrupunun ifasında Xocalıya həsr edilmiş musiqi parçası səslənmiş, Xocalı qırğını zamanı çəkilmiş fotolardan ibarət rəqəmsal sərgi və videoçarx nümayiş olunmuşdur.