Xocalı faciəsi bütün bəşəriyyətə və insanlığa böyük ləkədir
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) XX yüzillikdə xalqımızın tarixi taleyinə qanla yazılmış Xocalı qətliamı ilə bağlı “Xocalı - əsir şəhər” mövzusunda tədbir keçirilmişdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilmiş kitab sərgisi ilə tanış olmuşlar.
Tədbirdə institutun tədqiqat və inkişaf şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Xaləddin İbrahimlinin “Erməni milli ideologiyası və iddiaları” mövzusunda məruzə-təqdimatındakı təməl prinsiplər iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Faciənin şahidi Asif Yusifov isə fevralın 25-dən 26-na keçən gecəni və ondan sonrakı günlərdə xocalılıların erməni qəddarlığına, azğınlığına qarşı həyatları bahasına ölüm-qalım mücadiləsini böyük ürək ağrısı ilə, faktlarla xatırlamışdır.
Sonra tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunmuşdur. Tələbələrin ifasında səhnəciklər, həmçinin ingilis, rus, alman, fransız, ispan dillərində edilən çıxışlar böyük maraqla qarşılanmışdır.
ATİ-nin rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov Xocalı faciəsinin bütün bəşəriyyətə və insanlığa böyük ləkə olduğunu qeyd etmişdir.