Xocalı faciəsi ermənilərin azərbaycanlılara qarşı törətdikləri növbəti soyqırımıdır
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan komitənin sədri Abbas Ələsgərov bildirmişdir ki, Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar hətta amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi aparmış, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Komitənin şöbə müdiri Cahangir Qocayev çıxışında hadisənin başvermə səbəbləri və mahiyyətini açıqlayaraq, Xocalıda Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin həyata keçirildiyini qeyd etmişdir.
C.Qocayev onu da vurğulanmışdır ki, Xocalı qətliamına ilk hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilmişdir. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi ciddi araşdırılmış və soyqırımının geniş ictimaiyyətə dolğun şəkildə çatdırılması istiqamətində mühüm işlər görülmüşdür.
Bundan əlavə, son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində də genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Tədbirdə çıxış edənlər Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı qətliamından bəhs etmiş, faciənin heç vaxt unudulmayacağını söyləmişlər.