Xocalı faciəsi tarixin qara səhifəsidir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anma tədbiri keçirilmişdir.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən idarənin baş direktoru Ramil Əliyev xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı erməni millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq dövrdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin davamı, tarixin qara səhifəsi olduğunu demişdir.
Bildirilmişdir ki, amansız qətllərlə dünya tarixində silinməz izlər buraxan Xocalı soyqırımı, əslində erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, insanlığa qarşı ən ağır cinayəti, bəşəriyyətə yönəlmiş qəddarlıq təcəssümü idi.
Qeyd olunmuşdur ki, Xocalı soyqırımına hüquqi qiymət verilməsi, faciənin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı mərhələyə təsadüf edir. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə və dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.
Tədbirdə digər çıxış edənlər də Xocalı faciəsi xalqımızın böyük dərdi və kədəri olmaqla yanaşı, eyni zamanda, qan yaddaşımızda öz milli azadlığı uğrunda keçdiyi şərəfli mübarizə yolu kimi qalacağını demişlər.
Sonda Xocalı qətliamını əks etdirən videoçarx nümayiş olunmuşdur.