Xocalı faciəsinin 22-ci ildönümü Lənkəranda silsilə tədbirlərlə qeyd olunmuşdur
Lənkəran, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Lənkəran şəhərində soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların, ictimaiyyətin nümayəndələri, tələbələr, məktəblilər abidə önünə əklillər və gül dəstələri düzmüşlər. Daha sonra Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında “Qisas qiyamətə qalmaz” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Lənkəran Uşaq Rəssamlıq Məktəbində və Dövlət Rəsm Qalereyasında isə faciədən bəhs edən rəsm sərgisi təşkil olunmuşdur. Sərginin açılışında rəssamlıq məktəbinin müəllim və şagirdləri Azərbaycan xalqının tarixinə Xocalı faciəsi kimi daxil olan soyqırımın acı nəticələrindən danışmışlar.
Fevralın 26-da Lənkəran Dövlət Universitetində, Lənkəran Humanitar Kollecində və rayonun ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr edilmiş, idarə, müəssisə və təşkilatlarda, qəsəbə və kəndlərdə anım mərasimləri keçirilmişdir.