Xocalı qurbanları unudulmur
Daşkənd 26 fevral (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə Xocalı faciəsi ilə bağlı mərasim keçirmişdir.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, xarici ölkələrin Daşkənddəki diplomatik nümayəndəliklərinin rəhbərləri, Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov və yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişdir.
Əvvəcəl mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin Mərkəzin qarşısındakı abidəsi önünə əklil və gül dəstələri qoymuşlar. Sonra AMM-nin həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə güllərdən hazırlanmış kompozisiya nümayiş etdirilmiş, şamlar yandırılmışdır.
Səfir Hüseyn Quliyev Xocalı faciəsinin yaranma səbəbləri haqqında ətraflı məlumat vermiş, erməni silahlılarının keçmiş sovet ittifqaının 366-cı motoatıcı alayı ilə birgə bir gecənin içində Xocalı şəhərini yer üzündən sildiklərini bildirmişdir. Oərbi əməliyyat zamanı Xocalı sakinləri- qocalar, qadınlar, uşqalar güllələnmiş, heç kimə verilməmişdir.
Səfir Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası haqqında danışmış, Xocalı soyqırımının tanınması istiqamətində görülən işləri diqqətə çatdırmışdır.
Diplomat vurğulamışdır ki, Xocalı faciəsini Pakistan, Meksika, Kolumbiya parlamentləri, Amerika Birləşmiş Ştatlarının 14 ştatının qanunverici orqanı tərəfindən tanınmışdır. Faciə ilə əlaqədar Rumıniya, Çexiya, Serbiya, Honduras, həmçinin Bosniya və Hesroqovina parlamentləri qətnamə qəbul etmişlər.
Sonra Xocalı faciəsindən söz açan “Məhv edilmiş şəhər” sənədli və “Fəryad” bədii filmləri göstərilmişdir.
Tədbir iştirakçıları Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın Özbəkistandakı səfirliyinə göndərilmiş Xocalı soyqırımı mövzusunda fotoşəkillər və nəşrlər, xüsusi stend, həmçinin AMM-də fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin Xocalı soyqırımına həsr etdikləri rəsm əsərləri ilə tanış olmuşlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd