Xocalı soyqırımı bəşər tarixində oxşarı olmayan vəhşilik aktıdır
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Xocalı soyqırımının iyirmi ikinci ildönümü silsilə tədbirlərlə qeyd olunmuşdur.
Xocalıda törədilmiş qanlı faciəyə həsr olunmuş “dəyirmi masa”da institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı çıxış edərək ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı siyasətindən danışmışdır. Bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı aktı bu siyasətin bir mərhələsi olmuşdur.
A.Naxçıvanlı vurğulamışdır ki, Xocalı soyqırımına məhz ümummilli lider Heydər Əliyevin səyləri sayəsində hüquqi-siyasi qiymət verilmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilmiş, hər il fevralın 26-nın “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Ulu öndər Heydər Əliyev 1997-ci il fevralın 25-də hər il fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında” Fərman imzalamışdır.
Azərbaycan torpaqlarının bütövlüyünün və müstəqilliyinin qorunması uğrunda yorulmadan mübarizə aparan Prezident İlham Əliyev nitqlərində dəfələrlə vurğulamışdır ki, müstəqilliyimiz əbədidir, Azərbaycan Respublikası müstəqil dövlət kimi daim yaşayacaqdır. Artıq bütün dünya beynəlxalq görüşlərdə və rəsmi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, müdafiə edir, Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü bilir və düşmənlərimiz ifşa olunurlar.
Tədbirdə AMİ-nin ictimai fənlər kafedrasının müəllimləri çıxış edərək bildirmişlər ki, tariximizi yaşatmaq üçün tarixi keçmişimizi öyrənmək vacibdir. Natiqlər qeyd etmişlər ki, erməni cəlladları tərəfindən törədilmiş Xocalı soyqırımı dünya tarixində oxşarı olmayan vəhşilik aktıdır.
Sonda tələbələrin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
Daha sonra AMİ-nin rektoru, professor A.Naxçıvanlının rəhbərliyi ilə institutun müəllimləri və tələbələr Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun Qarabağ müharibəsində çiyin-çiyinə vuruşmuş, lakin müharibədən sonra uzun müddət bir-birindən ayrı düşmüş iki uşaqlıq dostunun görüşündən bəhs edən eyniadlı əsəri əsasında hazırlanmış “Xəcalət” tamaşasına baxmışlar.
Tamaşadan sonra A.Naxçıvanlı aktyorlara və əsərin müəllifinə təşəkkürünü bildirmiş, belə tədbirlərin keçirilməsinin tələbə gənclər üçün əhəmiyyətini qeyd etmişdir.
Müəllif H.Mirələmov tamaşaya göstərilən diqqət və marağa görə minnətdarlığını çatdırmış, çox yaxın gələcəkdə qələbə mövzusunda əsərlərin səhnələşdiriləcəyinə əminliyini bildirmişdir.
Xocalı soyqırımının ildönümü münasibətilə AMİ-də yaradılmış xüsusi guşədə tələbələrin bu qanlı faciəni əks etdirən rəsm əsərlərindən və publisistik yazılarından ibarət stend nümayiş etdirilmişdir. Fevralın 25-26-da institutda bakalavr və ixtisasartırma təhsili üzrə ilk dərs saatları Xocalı soyqırımına həsr olunmuşdur.