Xocalı soyqırımı bütün bəşəriyyətin faciəsidir
Bakı, 26 fevral (AZƏRTAC). Qafqaz Universitetində Xocalı faciəsinin iyirmi ikinci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Daha sonra Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Xəcalət” pyesi əsasında universitetin dram dərnəyi üzvlərinin səhnələşdirdikləri eyniadlı tamaşa göstərilmişdir.
Tamaşanın rejissoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Əliyevadır.
Tamaşadan sonra H.Mirələmov çıxış edərək demişdir ki, bu əsər səkkiz ildir səhnədədir və xarici ölkələrdə də uğurla nümayiş olunmuşdur. H.Mirələmov rejissora və tələbələrə təşəkkürünü bildirmişdir.
Rejissor, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov vurğulamışdır ki, bu gün Azərbaycanda Xocalı hadisələri ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Amma belə bir tamaşa hazırlayan ikinci təhsil müəssisəsinin olduğunu güman etmirəm. İnanıram ki, bir neçə ildən sonra Qafqaz Universitetində möhtəşəm tələbə teatrı yaranacaqdır.
Milli Məclisin deputatı Arif Əşrəfov dəfələrlə bu ali məktəbin tədbirlərində iştirak etdiyini və buradan yüksək təəssüratla ayrıldığını söyləmişdir. Qafqaz Universitetinin fəaliyyətindən razılığını bildirən A.Əşrəfov H.Mirələmovun ulu öndər Heydər Əliyev haqqında da dəyərli əsərlər qələmə aldığını vurğulamışdır.
Tədbirdə universitetin prorektoru, professor Niftalı Qocayev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi düzgün, məqsədyönlü siyasət nəticəsində Xocalı faciəsinin dünyada tanındığını diqqətə çatdırmışdır.