Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) tariximizin ən dəhşətli və faciəvi səhifələrindən olan Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xocalı həqiqətlərini, ermənilərin Azərbaycan xalqının başına açdıqları müsibətləri əks etdirən videoçarx nümayiş olunmuşdur.
Daha sonra tələbələr Xocalı soyqırımına həsr olunmuş, həmin gecənin qanlı hadisələrini, erməni vəhşiliklərini əks etdirən səhnəcik göstərmişlər.
Tədbirdə ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının qədim Xocalı şəhərində qadınlar, uşaqlar, qocalar daxil olmaqla 613 azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirdiklərini qeyd etmişdir. Artıq dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanındığını diqqətə çatdıran D.Yunusov gənclərə bu hadisələri unutmamağı, torpaqlarımızın müdafiəsinə daim hazır olmağı tövsiyə etmişdir.
Digər çıxış edənlər də dünya ictimaiyyətinin artıq Xocalı həqiqətlərini bildiyini, bu işdə “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd etmişlər.
Universitetin filologiya və jurnalistika fakültəsində də Xocalı qurbanlarının xatirəsini anma mərasimi keçirilmişdir.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, qanlı faciəyə həsr olunmuş slaydlar nümayiş olunmuşdur.
Tədbirin təşkilatçısı, linqvokulturologiya kafedrasının baş müəllimi Xanım Cəlilova, həmin kafedranın müdiri, professor Məsməxanım Qazıyeva ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən danışmış, bu qanlı hadisələrin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulamışlar. Xocalı faciəsinin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsinin tarixi zərurət olduğu diqqətə çatdırılmışdır. Natiqlər Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı praktik təşəbbüsün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu xüsusi qeyd etmişlər. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü, ardıcıl fəaliyyətin davam etdirildiyi vurğulanmışdır.
Anma mərasimi tələbələrin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam etmişdir.