Xocalı soyqırımı qurbanlarının xatirəsi Malayziyada keçirilən beynəlxalq forumda anılmışdır
Bakı, 26 fevral (AZƏRTAC). Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən Mahathir Qlobal Sülh Məktəbi Beynəlxalq Forumunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, Forumda ölkəmizi təmsil edən azərbaycanlı tələbə Elmar İskəndərovun təklifi ilə Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı məsələ tədbirin panel sessiyalarına daxil edilmişdir.
Tədbirdə Dağlıq Qarabağ münaqişəsi və erməni hərbi birləşmələri tərəfindən Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş vəhşiliklərdən bəhs edilmişdir. Həmçinin Forum iştirakçıları “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək verməyə çağırılmışlar. Forum iştirakçıları Xocalı soyqırımını törətmiş ermənilərin bu əməllərini pisləmiş, Azərbaycan ərazilərinin işğalına son qoyulmasını tələb etmişlər.
Beynəlxalq Forum münaqişələrin həll edilməsi üzrə xarici və yerli ekspertlərin, sülh üzrə nobel mükafatçılarının, Malayziya və İndoneziyanın dövlət rəsmilərinin, xarici ölkələrdən 40 sülh fəalının, o cümlədən tələbələrin iştirakı ilə keçirilir. Forum fevralın 17-dən martın 1-dək Malayziyanın Perdana Qlobal Sülh Fondu və İndoneziyanın Coqcakarta Muhammadiyah Universitetinin təşkilatçılığı ilə Malayziyanın Xarici İşlər Nazirliyinin nəzdində Diplomatiya və Xarici Əlaqələr İnstitutunda keçirilir. Beynəlxalq Forumun missiyası dövlətlərarası münasibətlər və diplomatiya, münaqişələrin həll edilməsi və qlobal sülhə nail olmaqdır.