Xocalı soyqırımının bütün dünyada tanınacağına əminlik ifadə edilmişdir
Göyçay, 26 fevral (AZƏRTAC, Şahnəzər Bəşirov). Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində rayonda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı faciəsi və azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasəti haqqında məlumat verilmişdir.
Bildirilmişdir ki, son illər Azərbaycan hökuməti Xocalı faciəsi barədə həqiqətlərin dünya miqyasında tanınması və obyektiv qiymət verilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir. Artıq bəzi ölkələrdə bu istiqamətdə müəyyən nəticələr əldə edilmişdir.
Çıxış edənlər Xocalı soyqırımının bütün dünyada tanınacağına və bununla bağlı ədalətli qərar veriləcəyinə inandıqlarını bildirmişlər.
Xocalı sakinləri ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırımılarından söz açmışlar.
Qeyd edilmişdir ki, 22 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əsgərlərinin və texnikasının köməyi ilə Xocalı şəhərini yerlə-yeksan etmiş, dinc sakinlərə qarşı dünyanın gözü qarşısında insanlığa sığmayan vəhşilik törətmişlər.
Tədbirdə Xocalıda yüzlərlə insanın qətlə yetirildiyi ürəkağrısı ilə yada salınmış, beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsi tələb edilmişdir.
Bildirilmişdir ki, bu gün dünyanın hər yerində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir. Xocalı sakinləri bu gün Azərbaycanın 50 rayonunda məskunlaşmışlar.
Doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirən Xocalı sakinləri digər məcburi köçkünlərə də səbir və qətiyyət diləmişlər.
Görüşdə Xocalıdan olan məcburi köçkünlərin sosial problemlərlə bağlı müraciətləri dinlənmiş, onların həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində məcburi köçkünlərin iştirakı ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə ehsan süfrəsi açılmışdır.