Xocalı soyqırımının dünyanın bir sıra dövlətləri tərəfindən tanınması məqsədyönlü siyasətin real nəticəsidir
Ağstafa, 26 fevral (AZƏRTAC). Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə uşaqların əl işlərindən ibarət rəsm sərgisinə baxmışlar.
Tədbiri giriş sözü ilə Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq 22 il əvvəl Xocalı şəhərində erməni cəlladlarının dinc əhaliyə qarşı amansızlıqla həyata keçirdikləri qətliamdan danışmışdır. Qeyd olunmuşdur ki, bu soyqırımı bəşəriyyət tarixində misli görünməmiş vandalizm aktlarından biridir. Natiq bildirmişdir ki, məhz ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlişindən sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmiş və faciənin dünya dövlətləri tərəfindən tanınması istiqamətində məqsədyönlü iş aparılmasına başlanmışdır. Azərbaycan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq artıq Xocalı soyqırımı dünyanın bir sıra dövlətləri tərəfindən tanınmışdır.
Konfransda “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, şəhərdəki 2 nömrəli tam orta məktəbin tarix müəllimi Sevda Əliyeva, Qarahəsənli kənd orta məktəbin tarix müəllimi Azər Hüseynov Xocalı faciəsi haqqında geniş məlumat vermişlər.
Tədbir məktəblilərin Xocalı soyqırımına həsr etdikləri əbədi-bədii kompozisiya ilə yekunlaşmışdır.