Xocavəndlilər Zəfər Gününü ruh yüksəkliyi ilə qeyd ediblər
Beyləqan, 8 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü xocavəndlilər tərəfindən ruh yüksəkliyi ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəfər Günü münasibətilə noyabrın 8-də Xocavənd Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər Xocavənd qəsəbəsindəki Şəhidlər xiyabanını ziyarət ediblər. Xalqımıza Zəfər sevincini yaşadan qəhrəman oğulların məzarları üzərinə tər gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Həmin gün Xocavənd qəsəbəsində “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda tədbir keçirilib. Çıxış edənlər Ulu Öndər Heydər Əliyev siyasətinin, o cümlədən ordu quruculuğu strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilməsindən, əldə olunan uğurlardan, 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından danışıblar.
Bildirilib ki, 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların və dünyanın aparıcı dövlətlərinin edə bilmədiyini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və yenilməz Azərbaycan Ordusu cəmi 44 gün davam edən Vətən müharibəsində etdi. Ermənistan ordusu 44 gün ərzində məğlubiyyətə uğradı, Azərbaycanın işğal altında olan torpaqları azad olundu, tarixi ədalət bərpa edildi. Xalqımız Şuşa şəhərinin işğaldan azad edildiyi 8 noyabr tarixini - Zəfər Gününü qürurla qeyd edir. Zəfər Günü Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir.
Silsilə tədbirlərin davamı olaraq, Zəfər Günü münasibətilə Xocavənd qəsəbəsində konsert proqramı təşkil edilib. Konsert proqramında Ulu Öndərə, Vətənə, Qarabağa, Qələbəyə ithaf olunmuş mahnılar təqdim olunub. Bayram konserti xocavəndlilər tərəfindən böyük coşqu ilə qarşılanıb.