“XOŞBƏXT BİR DÜNYA ÜÇÜN ƏL-ƏLƏ” MÖVZUSUNDA İKİNCİ SƏRGİ
Tədbirdə “Qafqaz” özəl gimnaziyası və “Qafqaz” məktəbi şagirdlərinin insana və ekologiyaya həsr olunmuş 100-dən çox əl işi nümayiş etdirilir.
Əvvəlcə, ümummilli lider Heydər Əliyevin və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, təhsil naziri Misir Mərdanov, şirkətin prezidenti Ənvər Özərən və baş idarəsinin rəisi Adəm Önal uşaqlarda təbiətin, ətraf mühitin qorunmasına marağın artırılmasında sərginin əhəmiyyətindən danışmışlar. Bu mövzuda sərginin ilk dəfə 2005-ci ildə keçirildiyini qeyd edən natiqlər tədbirin tamaşaçıları ətraf mühitə üçüncü gözlə baxmağa sövq edəcəyinə inandıqlarını vurğulamışlar. Çıxışçılar müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və ulu öndərin siyasi xəttini əzmlə həyata keçirən Prezident İlham Əliyevin ölkəmizdəki türk liseylərinın fəaliyyətinə verdikləri qiyməti diqqətə çarpdırmışlar.
Mərasimdə lisey şagirdlərinin ifasında müharibənin dəhşətlərinə, sülhsevər qüvvələrin şər qüvvələr üzərində qələbəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya və mövzu ilə bağlı film göstərilmişdir.
H.Bağırov və M.Mərdanov başçılıq etdikləri nazirliklər adından hər iki liseyin şagirdlərinə və rəhbərlərinə xatirə hədiyyələri təqdim etmişlər.
Sonra sərginin açılışını bildirən rəmzi qırmızı lent kəsilmişdir.
Tamaşaçılar tərəfindən maraqla qarşılanan sərgi aprelin 15-dək davam edəcəkdir.