REGİONLAR
Xüsusi qayğıya ehtiyacı olan uşaqların bayram sevinci
Qəbələ, 30 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün bayram şənliyi təşkil edilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Dəstək Mərkəzinin qeydiyyatındakı sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlar, onların valideynləri, məcburi köçkün rayonların məktəbliləri, uşaq bağçalarının kollektivləri, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva, rayon icra hakimiyyətinin nümayəndəsi Azər Şirinov, Qızıl Aypara Cəmiyyəti rayon bölməsinin rəhbəri Sədaqət Bayramova çıxış edərək, balacaları əlamətdar bayramlar münasibətilə təbrik edib, ölkəmizdə uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, onların sağlamlığının qorunması, təlim-tərbiyəsi və təhsili sahəsində davamlı iş aparıldığını bildiriblər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu sahədəki səmərəli fəaliyyətləri xüsusi vurğulanıb.
Bayram şənliyində məktəblilərin təqdim etdikləri konsert proqramı hamının ürəyincə olub.
Tədbirin sonunda sağlamlıq imkanları məhdud uşaqlara, həmçinin aztəminatlı ailələrin övladlarına bayran sovqatı və isti qış geyimləri təqdim edilib.