YAP koronavirusa qarşı mübarizə çərçivəsində genişmiqyaslı fəaliyyətini davam etdirir
Bakı, 14 may, AZƏRTAC
Dünyada qlobal problemə çevrilmiş koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sistemli tədbirlər həyata keçirilir.
Yeni Azərbaycan Partiyasından (YAP) AZƏRTAC-a bildirilib ki, ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP da koronavirusa qarşı mübarizə çərçivəsində görülən işlərə fəal şəkildə qoşulub. Partiyanın bütün strukturları əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək göstərirlər. Bu məqsədlə partiya tərəfindən ahıl, tənha insanlara və aztəminatlı ailələrə ərzaq yardımı edilib. Zəruri ərzaq yardımları partiyanın könüllüləri tərəfindən çatdırılıb.
Eyni zamanda, YAP Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə martın 27-dən etibarən yaşı 65-dən yuxarı olan tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərir.
Bundan əlavə, Yeni Azərbaycan Partiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə təxminən 500 min manat ianə edib, “Sağlamlığımız milli həmrəyliyimizdədir!” aksiyası həyata keçirib.