YAP ölkəmizdə sabitliyin təminatında avanqard rolunu davam etdirir
YAP Səbail rayon təşkilatının yaranmasının 30 illik yubileyi qeyd edilib
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ulu Öndər Heydər Əliyev və Yeni Azərbaycan Partiyasının 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov ölkəmizin belə yüksək inkişaf tempi ilə irəliləməsində hakim Yeni Azərbaycan Partiyasının rolundan danışıb. Ədalət Muradov vurğulayıb ki, xalqın partiyası kimi tanınan Yeni Azərbaycan Partiyası artıq 30 ildir respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir, xalqın sevgisini və dəstəyini qazanır, ölkədə sabitliyin təminatında avanqard rolunu davam etdirir və etdirəcəkdir.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev YAP Səbail rayon təşkilatının 30 illik fəaliyyəti haqqında məlumat verib.
“Müstəqil və müzəffər Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərlə bağlı qərarların qəbulu məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti və uğurlu siyasəti nəticəsində mümkün olub. Əsası 30 il əvvəl Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən layiqli rəhbərliyi ilə parlaq fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası nəinki ölkəmizdə, o cümlədən regionda olan ən böyük siyasi təşkilatlardan biridir”, - deyə Muxtar Nağıyev bildirib.
YAP İdarə Heyətinin üzvü, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə qeyd edib ki, son 30 ildə partiya məfkurəsinin əsasını müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri təşkil edib.
YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında vurğulayıb ki, YAP dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas partiya prinsiplərini həyata keçirməklə cəmiyyətdə yüksək nüfuza malik olub.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov çıxışında xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamının tez bir zamanda siyasi səhnədə parlayan YAP-ın tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdiyini bildirib.
Şəhid Bilal Qənbərovun anası Gültəkin Qənbərova çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini çatdırıb.
YAP Səbail rayon ərazi partiya təşkilatları sədrləri adından çıxış edən “İstiqlaliyyət 18” ərazi partiya təşkilatının sədri Elmin İmanov Partiyanın keçdiyi 30 illik şərəfli yolun xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu vurğulayıb.
Daha sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar, YAP sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbirə Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbinin təqdimatında bədii hissə ilə yekun vurulub.