SİYASƏT
YAP Sumqayıt şəhər təşkilatında partiyanın yaranmasının 21-ci ildönümü qeyd edilmişdir
Sumqayıt, 13 noyabr (AZƏRTAC). Noyabrın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında partiyanın yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Fərman Kazımov toplantı iştirakçılarını partiyanın yaranmasının 21 illiyi münasibəti ilə təbrik etmişdir. Ötən müddət ərzində YAP-ın şərəfli yol keçdiyini deyən F.Kazımov vaxtilə hakimiyyətdə olan səriştəsiz qüvvələrin yanlış siyasətinin ölkədə xaos və hərc-mərcliyə yol açdığını, Azərbaycanın dövlət müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qaldığını, bu ağır dövrdə xalqın öz xilaskarı Ulu Heydər Əliyevə üz tutduğunu diqqətə çatdırmışdır.
YAP Sumqayıt şəhər təşkilatının şura üzvü Vəzirxan Ənsərov mövzunu davam etdirərək demişdir ki, YAP-ın yaranması, ulu öndər Heydər Əliyevin bu partiyaya sədr seçilməsi insanların gələcəyə olan ümidini möhkəmləndirdi. Bu gün ölkənin ən böyük və mütəşəkkil siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır və gənc nəsil partiyanın sədri, Prezident İlham Əliyevin apardığı siyasi kursu birmənalı şəkildə dəstəkləyir.
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının şura üzvü Elmar Xəlilov, şəhər təşkilatının Qadınlar Şurasının sədri Nazilə Cəlilova, şura üzvləri Vaqif Ələkbərov, Ələkbər Tağıyev, Əbülfəz Babayev və digərləri 21 il əvvəl cərəyan edən hadisələri xatırladaraq bildirmişlər ki, ulu öndər Heydər Əliyevin yaratdığı YAP müasir Azərbaycanın inkişafında özünəməxsus rol oynamaqda davam edir. Onlar əminliklə vurğulamışlar ki, Yeni Azərbaycan Partiyası bundan sonra da yeni-yeni uğurlara imza ataraq, öz gücünü və qüdrətini nümayiş etdirəcəkdir.