SİYASƏT
YAPONİYA PARLAMENTİ NÜMAYƏNDƏ HEYƏTİNİN AZƏRBAYCANA SƏFƏRİ
SƏNGƏÇAL TERMİNALI İLƏ TANIŞLIQ
Terminalın genişləndirilməsi proqramının direktoru Kus Nyuvenhyuze qonaqlara Azərbaycanda həyata keçirilən enerji layihələri barədə məlumat verərək bildirdi ki, “Çıraq” yatağından 1997-ci ilin noyabrında ilk neft çıxarılmışdır. Bundan əvvəl sahildən 140 kilometr kənarda, Xəzər dənizində ilk neft platforması tikilmiş və buradan Səngəçal terminalınadək boru kəməri çəkilmişdir. “Azəri” yatağının işlənilməsi üçün də işlər gedir. Buradan ilk nefti 2005-ci ilin əvvəllərində çıxarmaq nəzərdə tutulur.
Proqramın direktoru terminalın genişləndirilməsindən danışaraq dedi ki, indi 2500 adamın çalışdığı terminal tikinti başa çatdırıldıqdan sonra dünyada ən böyük obyekt olacaqdır. Belə ki, o, təxminən 1 milyon barrel neft qəbul edə biləcəkdir.
ABƏŞ-in vitse-prezidenti Maykl Taunend bildirdi ki, Yaponiya şirkətləri Azərbaycanda energetika layihələrinin həyata keçirilməsində fəal iştirak edirlər. Təkcə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi ilə əlaqədar onlar 500 milyon dollardan artıq məbləğdə sifariş almışlar. Yaponiyanın “Mizuxo” kommersiya bankının nümayəndə heyəti sentyabrın axırlarında Bakıya gələcək və BTC-nin tikintisini maliyyələşdirmək barədə onlarla danışıqlar aparılacaqdır. Danışıqlar uğurla başa çatarsa, Yaponiya bu layihənin gercəkləşdirilməsində ən iri maliyyə tərəfdaşı ola bilər.
Sonra qonaqlar terminalla tanış oldular.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov qonaqlarla birlikdə terminalda olmuşdur.