SİYASƏT
YAPONİYA PARLAMENTİ NÜMAYƏNDƏ HEYƏTİNİN ÖLKƏMİZƏ SƏFƏRİ BAŞA ÇATMIŞDIR
Yola düşməzdən əvvəl cənab Şoci Motooka Binə hava limanında jurnalistlərlə görüşmüşdür. O, AZƏRTAC müxbirinin səfər təəssüratı barədə sualına cavab verərək demişdir: Azərbaycan müstəqillik qazandıqdan sonra çox çətinliklərlə üzləşmiş, onların əksəriyyətini aradan qaldırmış və inkişaf yoluna çıxmışdır. Əlbəttə, həyati problemlərin həllində dostların köməyi də mühüm rol oynamışdır. Dost Azərbaycanın iqtisadiyyatının dirçəldilməsində və uğurlar qazanmasında Yaponiya yardımlarının da əhəmiyyəti var. Səfər proqramımız sıx olsa da, biz Bakı ilə tanış ola bildik, paytaxtda aparılan geniş tikinti-abadlıq işlərini gördük. Xalqınızın qurmaq, yaratmaq istəyi göz qabağındadır. Sizə uğurlar arzulayıram. İndiyədək Yaponiya hökuməti Azərbaycanda iqtisadiyyatın, digər sahələrin inkişafı üçün səylərini əsirgəməmişdir. Bundan sonra da bizim yardım və köməyimizə bel bağlaya bilərsiniz.
Nümayəndə heyətini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, Yaponiyanın ölkəmizdəki səfiri Toşiyuki Fucivara yola salmışlar.