Yaponiya Rusiya ilə sülh müqaviləsi barədə danışıqları davam etdirməyə hazırdır
Tokio, 31 may, AZƏRTAC
Tokioda Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov ilə görüşün nəticələrini şərh edən Yaponiyanın Xarici İşlər naziri Taro Kono bəyan edib ki, ölkəsi Rusiya ilə sülh müqaviləsi barədə danışıqları davam etdirməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə T.Kono mayın 30-da Tokioda Yaponiya və Rusiyanın Xarici İşlər və Müdafiə nazirlərinin “2+2” formatında keçirilən görüşündən sonra bildirib.
“İki ölkənin Xarici İşlər nazirləri arasındakı sıx əlaqə sülh müqaviləsinin imzalanması üçün özündə böyük hərəkətverici qüvvəni birləşdirir. Bir diplomat kimi bildirmək istəyirəm ki, biz bundan istifadə edərək gələcəkdə danışıqları daha səylə davam etdirəcəyik”, - deyə T.Kono vurğulayıb.
Xatırladaq ki, Yaponiya və Rusiya arasında uzun illərdir sülh müqaviləsinin imzalanmaması iki ölkənin münasibətlərinə kölgə salır. 1855-ci ildə imzalanmış Ticarət və Sərhədlər barədə Traktata əsaslanan rəsmi Tokio Kunaşir, Şikotan, İturup və Habomai adalarının Yaponiyaya məxsus olduğunu bildirir.
İki ölkənin liderləri arasında razılaşmaya əsasən, hazırda danışıqlar 1956-cı ildə SSRİ ilə Yaponiya arasında imzalanan birgə bəyannaməyə əsasən aparılır. Sənədə əsasən, Moskva sülh müqaviləsi imzalandıqdan sonra Habomai və Şikotan adalarının Yaponiyaya qaytarılmasına razılıq verir.
Buna baxmayaraq, son vaxtlar aparılan danışıqlar heç bir nəticə verməyib. Moskva həmin adaların II Dünya müharibəsinin nəticəsi olaraq Rusiyanın tərkibinə daxil edildiyini bildirir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio