Yaponiya Şikotan adasında ABŞ-ın iştirak edəcəyi layihəyə etirazını bildirib
Tokio, 5 aprel, AZƏRTAC
Yaponiyanın xarici işlər naziri Taro Kono Rusiyanın nəzarəti altında olan, lakin Yaponiyanın da iddia etdiyi dörd adadan birində ABŞ-ın iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulan layihəyə etirazını bildirib.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, həmin adalar qrupuna daxil olan Şikotanda elektrik stansiyasının inşası planlaşdırılır. Bu günlərdə Saxalin vilayətinin qubernatoru həmin adada sentyabrda dizel elektrik stansiyasının inşası barədə məlumat verib. Qubernator əlavə edib ki, həmin layihədə ABŞ-ın ağır texnika istehsal edən şirkəti də iştirak edəcək.
T.Kono bildirib ki, mübahisəli adalarda üçüncü ölkənin iqtisadi fəaliyyəti Yaponiya hökumətinin mövqeyinə görə yolverilməzdir. Nazir deyib ki, bu layihə böyük təəssüf hissi doğurur və belə problemlər yalnız şimal adaları ilə bağlı ərazi mübahisəsi həll edildikdən sonra aradan qaldırıla bilər.
Nazir əlavə edib ki, Yaponiya və Rusiya arasında ərazi mübahisəsinin həlli və sülh müqaviləsinin imzalanması üçün səylərini davam etdirəcək.
Yaponiya hökuməti Rusiyanın nəzarəti altında olan dörd adaya iddialarını davam etdirir. Onun mövqeyinə görə, bu adalar Yaponiyanın ayrılmaz tərkib hissəsidir və İkinci Dünya müharibəsi nəticəsində qeyri-qanuni yolla işğal edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio