Yaponiya Ukrayna ilə yeddi əməkdaşlıq istiqaməti müəyyənləşdirib
Bakı, 29 yanvar, AZƏRTAC
Yaponiya hökuməti fevralın 19-da Tokioda Ukraynanın bərpasına dair ikitərəfli konfrans zamanı elan olunacaq Kiyevlə əməkdaşlığın yeddi prioritet istiqamətini müəyyən edib.
AZƏRTAC “Sankei” nəşrinə istinadla xəbər verir ki, Yaponiya Ukrayna ərazilərinin minalardan təmizlənməsinə və ölkədə humanitar vəziyyətin yaxşılaşdırılmasına kömək edəcək, yerli kənd təsərrüfatının, yeni istehsal növlərinin, o cümlədən biotexnologiya sahəsinin, həmçinin rəqəmsal və İT texnologiyalarının inkişafını stimullaşdıracaq. Tokio, həmçinin Ukraynanın enerji və nəqliyyat infrastrukturunun bərpasına çalışacaq, korrupsiyanın aradan qaldırılması və dövlət idarəçiliyinin gücləndirilməsi məsələlərində Kiyevə dəstək verəcək.
Bununla bağlı ölkələr arasında ikitərəfli əməkdaşlıq mövzusuna dair 20-dən çox sənədin imzalanacağı gözlənilir.
Yaponiya mediasının məlumatına görə, Tokio Ukraynanın bərpasına dəstək çərçivəsində Kiyevə kənd təsərrüfatı sahəsində ən son texnologiyalar, eləcə də bərpaolunan enerji mənbələrinin istifadəsi ilə bağlı müasir avadanlıqlar vermək niyyətindədir.
Qeyd edək ki, Yaponiya hökuməti indiyədək Ukraynaya 7,6 milyard dollardan çox humanitar, ərzaq, maliyyə və digər növ yardımlar göstərib.