Yaponiya və Vyetnam Çinin Cənub Çin dənizində fəallaşmasından narahatlıqlarını bildiriblər
Tokio, 1 iyun, AZƏRTAC
Yaponiyanın Baş naziri Şinzo Abe və Vyetnamın Prezidenti Çay Dan Kuanq Çinin Cənub Çin dənizində fəallaşmasından narahatlıqlarını bildiriblər.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, iki ölkə liderlərinin Tokioda keçirilən görüşü zamanı, diplomatik yollar vasitəsilə dənizin hərbisizləşdirilməsi, bu regionda sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində razılaşma əldə edilib.
Ş.Abe Hind-Sakit okean regionunun sülhə və inkişafa xidmət edən beynəlxalq mülkiyyətə çevrilməsinin əhəmiyyətini vurğulayıb. Baş nazir ümid etdiyini bildirib ki, Yaponiya və Vyetnam dənizdə təhlükəsizliyin təmin olunması məqsədilə sıx əməkdaşlıq edəcəklər.
Ş.Abe və Ç.D.Kuanq BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı sanksiyalarının tam tətbiq edilməsi barədə də razılığa gəliblər. İki ölkənin liderləri Şimali Koreya tərəfindən oğurlanmış yapon vətəndaşları probleminin həlli üçün də əməkdaşlıq barədə razılıq əldə ediblər.
Ş.Abe Yaponiyanın Vyetnamda peşəkar əməkdaşların hazırlanması məqsədilə bu ölkəyə 15 milyard 600 milyon yen (təqribən 140 milyon dollar) məbləğində yardım göstərəcəyini də vəd edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio