YAPONİYADA ALTSHEYMER XƏSTƏLİYİ ƏLEYHİNƏ VAKSİN SINAQDAN ÇIXARILMIŞDIR
Tokio Nevrologiya İnstitutunun alimləri siçanlar üzərində silsilə eksperimentlər aparmışlar. Tədqiqatın nəticələri göstərmişdir ki, vaksin yeridildikdən sonra xəstə siçanların baş beyin toxumalarında zəhərli zülal topalarının miqdarı 15,5-38,5 faiz azalır. Daha çox əziyyət çəkən hippokamp və baş beyin toxumalarında zərərli protein düyünlərin miqdarı isə 40-50 faiz azalmışdır.
Bundan əvvəl Altsheymer xəstəliyi əleyhinə yaradılan vaksinlər viruslardan ibarət idi. Onların bu xəstəlikdən əziyyət çəkən adamlar üzərində sınaqdan keçirilməsi əsaslı çatışmazlıq üzə çıxarmışdır: bu vaksinlərin yeridilməsi amiloid düyünlərini nəinki dağıtmır, hətta beyin şişinin inkişafına zəmin yaradırdı. Virussuz yeni DNT vaksini daha zəif immun cavabı doğurur və xeyli təhlükəsizdir.
Altsheymer xəstəliyi ahıl yaşlarında inkişaf edən kəmağıllılığın əsas səbəblərindən biridir. Hazırda bunun səmərəli müalicəsi yoxdur. Yeni vaksinin hazırlanması bu ağır xəstəliyin inkişafını dayandırmağa qadir vasitələrin axtarışında ən perspektivli istiqamətlərdən biridir.