Yaponiyanın sabiq Baş naziri atom enerjisindən təcili imtinaya çağırmışdır
Tokio, 13 noyabr (AZƏRTAC). Yaponiyanın sabiq Baş naziri Cuniçiro Koizumi noyabrın 12-də mətbuat nümayəndələri ilə keçirdiyi görüşdə bildirmişdir ki, Yaponiya təcili olaraq atom enerjisindən imtina etməlidir.
Siyasətdən uzaqlaşmış C.Koizumi hökumətin atom enerjisi sahəsində siyasəti ilə razılaşmadığını qeyd etmişdir.
Məsuliyyətsiz və izafi optimizmlə dolu bəyanatlarla çıxış etməsi, enerji sahəsində alternativ təkliflər verməməsi barədə onun ünvanına söylənən tənqidi fikirləri rədd edən C.Koizumi bildirmişdir ki, əsas məsələ konkret planın hazırlanmasındadır. Əgər hökumət atom enerjisindən imtina etməsi barədə qərar qəbul edərsə, alternativ təkliflər irəli sürən, yaxşı ideyalara malik ağıllı insanlar tapılacaqdır.
Sabiq Baş nazir demişdir ki, atom elektrik stansiyalarının təhlükəsizliyinə əmin olan hökumət onları yenidən işə salmaq istəyir, lakin bu plan tezliklə problemlərlə qarşılaşacaqdır.
C.Koizumi alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində işləri genişləndirməyə çağırmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio