YARARLILIQ MÜDDƏTİ ÖTMÜŞ MALLAR SATIŞDAN ÇIXARILMIŞDIR
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti malların (işlərin, xidmətlərin) keyfiyyətinə nəzarət və istehlakçıların hüquqlarının qoruması məqsədi ilə monitorinqləri davam etdirir.
Qurumdan AZƏRTAC-a bildirmişlər ki, son günlər aparılan monitorinqlər zamanı yararlılıq müddəti ötmüş və saxta istehsal tarixi ilə markalanmış yeyinti məhsulları aşkarlanmışdır. Satış məntəqələrində aparılan araşdırmalar nəticəsində Rusiyanın “Çeryomuşki” firmasına məxsus “Medovaya Skazka” (408 ədəd), “Fruktovı şokolad” (360 ədəd), “Karameliya” (180 ədəd), “Çarodeyka”(310 ədəd), “Sdobnaya Osoba” (310 ədəd) tortlarının yararlılıq müddətinin ötdüyü məlum olmuş və bu mallar satışdan çıxarılmışdır. Bundan başqa, bir neçə ticarət obyektində satışda Moldovanın “Birka” firmasının istehsalı olan və yararlılıq müddəti bitmiş “Çişnaul de seara” şokoladlarının, “Magiye” peçenyelərinin, Rusiyanın Pekar firmasına məxsus kekslərin olduğu da aşkar edilmişdir.
Monitorinqlər zamanı ticarət şəbəkələrində yararlılıq müddəti ötmüş, istehsal tarixi dəyişdirilərək saxta şəkildə markalanan yeyinti məhsullarına da təsadüf edilmişdir. Belə mallar sırasında “Çeryomuşki” (Rusiya) firmasına məxsus “Medovaya Skazka” və “Persidskaya noç” tortları əksəriyyət təşkil edir. Bu cür halların aşkarlandığı ticarət obyektləri ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülmüşdür.
İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı və malların markalanmasına fikir verməyi tövsiyə edir.