“YARIMÇIQ ƏLYAZMA”NIN PARİSDƏ TƏQDİMATI KEÇİRİLMİŞDİR
İnstitutun prezidenti Jak Leqran mərasimi açaraq, rəhbərlik etdiyi ali təhsil ocağı ilə Bakı Slavyan Universiteti arasında sıx əməkdaşlıq əlaqələri yarandığını bildirmişdir. O demişdir ki, fransız oxucuları arasında pərəstişkarlar tapmış “Yarımçıq əlyazma” romanının təqdimatı kimi belə mərasimlər Fransa ilə Azərbaycan arasında dostluq tellərinin daha da möhkəmləndirilməsinə xidmət edir. İnstitutun rəhbəri belə mərasimin Fransa–Azərbaycan əlaqələri tarixində ilk dəfə keçirildiyini vurğulamışdır.
Filosof Andre Brynyor çıxışında Azərbaycan üzrə mütəxəssis olmasa da, ölkəmizdə çoxlu dostları olduğunu xatırlatmış, Kamal Abdullanın əsərinin qəhrəmanı sayəsində odlar yurdunun qədim tarixi, adət-ənənələri, zəngin mədəniyyəti barədə müfəssəl məlumat əldə etdiyini bildirmişdir. O, romanın məziyyətlərindən danışmış, bir oxucu kimi onda böyük təəssürat yaratdığını söyləmişdir.
Kamal Abdulla əsəri barədə danışaraq demişdir: Prezidentin məni bir rektor yox, yazıçı kimi təqdim etməsindən məmnunluq duyuram.
Fransa Şərq Dilləri və Sivilizasiyaları İnstitutu ölkələrimiz arasında elmi və yaradıcılıq əlaqələrinin inkişafı üçün böyük işlər görür. Bir neçə il öncə bu təhsil ocağında Azərbaycan mədəniyyəti və ədəbiyyatı ilə bağlı simpozium keçirilmişdir. O vaxtdan hər iki ali məktəb arasında əlaqələr daha da dərinləşmişdir.
Azərbaycan xalqının epik dastanı “Dədə Qorqud”un süjeti əsasında qələmə aldığım əsərin taleyi qəribə olmuşdur. Kitaba 60-dan artıq rəy yazılmışdır. Qəhrəmanlarımızı başqa şəkildə təqdim etdiyimə görə məni bəziləri günahlandırmışlar. Amma onun haqqında xoş söz deyənlər daha çox olmuşdur. Əsərin Fransada çap olunması onun barəsindəki rəyləri bir qədər də dərinləşdirmişdir.
Əsər Moskvada da çap edilmişdir, yaxın vaxtlarda isə Türkiyədə nəşr olunacaqdır. Onun Yunanıstanda da nəşrinə maraq göstərilir.
Prezident Jak Leqran yazıçıya institutun xatirə medalını təqdim etmişdir.
K.Abdulla institutun rəhbərliyinə, nəşriyyatın kollektivinə, ön sözün müəllifinə və tərcüməçiyə öz təşəkkürünü bildirmişdir.
Mərasimdə Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev, Fransanın tanınmış alim, yazıçı və jurnalistləri, diasporumuzun təmsilçiləri və azərbaycanlı tələbələr iştirak etmişlər.