ELM VƏ TƏHSİL
Yasamal rayonunda təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı üzrə seminar keçirilmişdir
Bakı, 31 oktyabr (AZƏRTAC). Yasamal rayonu 20 nömrəli məktəb-liseydə “2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı üzrə növbəti seminar keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, həmçinin, Səbail, Yasamal və Qaradağ rayonları ümumtəhsil müəssisələri və peşə liseylərinin əlaqələndiriciləri iştirak etmişlər.
Ümumtəhsil məktəblərində təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin təşkili sektorunun əməkdaşları təqvim planı üzrə yerinə yetiriləcək işlər və “Şagird-məzun” sistemindən istifadə qaydaları haqqında məlumat vermişlər. “Şagird-məzun” sistemində yaradılmış yeni imkanlar seminar iştirakçılarına əyani şəkildə nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.