Yəhudi Xəbərlər Agentliyi Qırmızı qəsəbədə Xocalı soyqırımı ilə bağlı anma mərasimindən yazmışdır
Bakı, 26 fevral (AZƏRTAC).Yəhudi Xəbərlər Agentliyinin (YXA) saytında “Hüzn və yaddaş” sərlövhəli məqalə yerləşdirilmişdir.
Məqalədə deyilir ki, bu günlər Azərbaycanda Xocalı faciəsi qurbanlarının xatirəsini anım mərasimləri keçirilir.
Quba rayonundakı Qırmızı Qəsəbə məktəbinin pedaqoji kollektivi və şagirdləri Xocalı faciəsinin 22-ci ildönümü ərəfəsində Quba şəhərində Vətənin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanların memorialını ziyarət etmiş, muzeydə olmuşlar. Mərasim iştirakçıları memorialın qarşısına güllər qoymuş, qəhrəman xocalılıların nurlu xatirəsini bir dəqiqəlik sükutla anmışlar.
Sonra məqalədə deyilir ki, fevralın 26-da matəm mitinqi keçiriləcəkdir. Mitinqdə Qırmızı Qəsəbə məktəbi administrasiyasının və pedaqoji kollektivinin üzvləri, şagirdlər iştirak edəcəklər. Məktəbin direktoru Yauşva Semanduyev YXA-ya müsahibəsində demişdir: “Məktəbin kollektivi Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanların nurlu xatirəsini bir dəqiqəlik sükutla anacaqdır”.
Sonra məktəbin direktoru, müəllimləri və fəalları ümumməktəb mitinqində çıxış edəcəklər. Məktəblilər Xocalı soyqırımına həsr olunmuş ədəbi kompozisiya təqdim edəcəklər. Kompyuterlərdə şagirdlərə müasir Azərbaycan tarixinin ən faciəli səhifələrindən birinə həsr olunmuş sənədli materiallar göstəriləcəkdir.
Y.Semanduyev demişdir: “Yəhudi xalqı qorxunc Holokost illərində 6 milyondan çox günahsız oğul və qızını itirmişdir. Nasistlər yəhudiləri yalnız yəhudi olduqlarına görə öldürürdülər. Buna görə də Azərbaycan yəhudiləri bütün Azərbaycan xalqının faciəsi olan Xocalı soyqırımını özlərinə yaxın sayırlar.
Azərbaycan yəhudiləri bu matəm günlərində istər sevincimizdə, istərsə də kədərimizdə həmişə bir yerdə olduğumuz və bundan sonra da bir yerdə olacağımız Azərbaycan xalqı ilə birlikdə kədərlənir”.
Məqalənin tam mətni ilə http://aen.ru/?page=brief&article_id=69928 linkində tanış olmaq mümkündür.