YENİ AZƏRBAYCAN PARTİYASI XƏTAİ RAYON TƏŞKİLATININ VIII KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 21-də Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının VIII konfransı keçirilmişdir.
Konfransın iştirakçıları əvvəlcə Ukrayna meydanı yaxınlığında yenidən qurulmuş Heydər Əliyev parkına gələrək, xalqımızın xilaskar oğlu, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli liderin xatirəsini ehtiramla anmış, abidəsi önünə gül dəstələri düzmüşlər.
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının binasında davam edən tədbirin gündəliyinə təşkilatın əvvəlki konfransından keçən dövrdə fəaliyyətinə və partiyanın IV qurultayına nümayəndələrin seçilməsinə dair məsələlər daxil edilmişdir.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya müstəqil Azərbaycan dövlətinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında mühüm rol oynamış, YAP-ın III qurultayında Prezident İlham Əliyevin partiya sədri seçilməsi ilə ölkəmizin həyatında yeni mərhələ başlanmışdır.
Vurğulanmışdır ki, Xətai rayon təşkilatı partiyanın proqram vəzifələrinin həyata keçirilməsində, ölkəmizin sosial-iqtisadi inkişafında fəal iştirak edir. VII konfransdan ötən müddətdə təşkilatın fəaliyyəti daha da canlanmış, partiya üzvlərinin sayı artaraq 15 min nəfərə çatmışdır. Rayonda 147 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir.
Konfransda təşkilati məsələlərə baxılmış, YAP rayon təşkilatının 35 nəfərdən ibarət şurasının, 15 nəfərlik idarə heyətinin, 9 nəfərlik nəzarət-təftiş qrupunun və mandat komissiyasının yeni tərkibi təsdiq edilmiş, Milli Məclisin deputatı Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri seçilmişdir.
Yeni Azərbaycan Partiyasının IV qurultayına 18 nümayəndə seçilmişdir.
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yeni seçilmiş rəhbər orqanlara uğurlar arzulamış, ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən YAP-ın Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan danışmış, qazanılan uğurlarda partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulamışlar.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etmişdir. Ümummilli liderin işləyib hazırladığı müstəqil dövlət quruculuğu konsepsiyası müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsində dayanaraq gələcək inkişafın əsasını qoymuşdur. Hazırda Azərbaycanın dünyada bənzəri olmayan sürətlə inkişaf etdiyini vurğulayan natiqlər, həmin siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırmışlar.
Qarşıdakı prezident seçkilərinə hazırlıq işlərinə toxunan natiqlər, son 5 ildə ölkədə aparılan nəhəng quruculuq işlərinin canlı şahidi olmuş seçicilərin yalnız bir namizədə - Heydər Əliyev ideyalarının ən layiqli davamçısı İlham Əliyevə səs verəcəklərinə heç kimin şübhəsi olmadığını qeyd etmişlər. Çünki bu gün Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafı ilk növbədə vətəndaşlarımızın maddi rifah halının yaxşılaşmasına xidmət edir, paytaxtla bərabər, regionlar da sürətli tərəqqi yolu ilə inamla irəliləyir.