YENİ TAMAŞA
HƏRƏNİN ÖZ PAYI...
Yazıçı Xeyrəddin Qocanı oxucular satirik əsərlər müəllifi kimi tanıyırlar. İndi o, özünü dramaturgiya sahəsində də sınayaraq, “Hərənin öz payı...” adlı iki hissəli komediya yazmış və əsər Milli Akademik Dram Teatrında tamaşaya hazırlanmışdır.
Teatrdan AZƏRTAC-a bildirmişlər ki, satirik boyalarla zəngin tamaşada prezident olmaq istəyən iki partiya başqanı öz əməlləri ilə gülünc vəziyyətlərə düşür, onların timsalında cəmiyyətdəki nöqsanlar - yaltaqlıq, məddahlıq, ikiüzlülük, əliəyrilik, cahillik və s. tənqid atəşinə tutulur.
Cəlil Məmmədquluzadə, Mİrzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev obrazlarının canlandırıldığı səhnədə o zamandan indiyədək cəmiyyətimizdə nəyin dəyişildiyi, hansı hadisələrin baş verdiyi son dərəcə maraqlı rejissor yozumu ilə öz əksini tapmışdır. Respublikanın xalq artisti, istedadlı rejissor Mərahim Fərzəlibəyov müəllifin kinayə, istehza, ikibaşlı sözlər, zarafatlarla zəngin pyesinin məzmununu səhnədə tam açmağa nail olmuşdur.
Üç aydan artıq gərgin məşqləri aparılan, otuzadək aktyorun iştirak etdiyi tamaşaya dekabrın 4-də ictimai baxış keçirilmişdir. Əsas rolları respublikanın xalq artistləri Yaşar Nuri, Hacı İsmayılov, Rafiq Əzimov, əməkdar artistlər İlham Namiq Kamal, Telman Əliyev, artistlər Elxan Quliyev, Cəfər Namiq Kamal ifa etmişlər. Tamaşa yüksək səviyyədə qəbul olunmuşdur.
Dekabrın 14-15-də pyesin ilk tamaşaları olacaqdır.