“Yeni Tərtər” qəzetinin ilk nömrəsinin nəşrindən 85 il ötür
Tərtər, 3 may, Tahir Ağaməmmədov, AZƏRTAC
“Yeni Tərtər” qəzetinin ilk nömrəsinin nəşr olunmasından 85 il ötür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən yubiley tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, “Yeni Tərtər” qəzetinin ötən dövr ərzindəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Qəzetin redaktoru Tofiq Yusif çıxış edərək mətbu orqanın tarixindən, keçdiyi yoldan danışıb. Məlumat verilib ki, 1934-cü ildə “Kolxozçuların varlanması uğrunda” adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən “Qızıl Bayraq”, 1991-ci ildən isə “Tərtər” adı ilə nəşr edilib. 1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən “Yeni Tərtər” adı ilə nəşr edilməyə başlanıb. “Yeni Tərtər” qəzeti hazırda ayda 3 dəfə oxucuların görüşünə gəlir.
Qeyd olunub ki, 85 illik fəaliyyəti dövründə “Yeni Tərtər” qəzeti rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında baş vermiş hadisələri, yenilikləri oxuculara çatdırmaqla rayonun bu dövrə aid səlnaməsini yaradıb.
Tədbirdə çıxış edənlər redaksiyanın kollektivini qəzetin 85 illik yubileyi münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda qəzetin əməkdaşlarına fəxri fərman və hədiyyələr təqdim edilib.