İDMAN
Yeniyetmə güləşçilərin dünya çempionatında Azərbaycanın bir qadın idmançısı gümüş medal qazanıb
Bakı, 18 iyul (AZƏRTAC). Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.
Çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yığma komandamız 3 çəkidə təmsil olunub. Güləşçilərimiz yarışın üçüncü gününü 1 gümüş medalla başa vurub.
Çempionatda 43 kq çəkidə mübarizə aparan Ülkər Babayeva ilk görüşdə Qazaxıstan güləşçisini üstələsə də, yarımfinalda Yaponiya təmsilçinə uduzub. Bürünc medal uğrunda görüşə çıxan güləşçimiz Rusiya idmançısına məğlub olub və çempionatı 5-ci sırada tamamlayıb.
Birincilikdə 49 kq çəki dərəcəsində güləşən Leyla Qurbanova Monqolustan, Polşa və Rusiya təmsilçilərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Yaponiya təmsilçisi ilə gərgin keçən görüşü uduzub və gümüş medalla kifayətlənib.
Leyla Qurbanova Nanjinqdə keçiriləcək yeniyetmələrin II Yay Olimpiya Oyunlarında 52 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək.