İDMAN
Yeniyetmələr arasında dünya çempionatının ikinci günündə qaliblər müəyyənləşib
Bakı, 25 iyul (AZƏRTAC, Məmməd İsayev). Bakıda, Milli Gimnastika Arenasında yeniyetmələr arasında taekvondo üzrə birinci dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, dörd gün davam edəcək çempionatda 65-ə yaxın ölkədən 600-dək idmançı birincilik uğrunda mübarizə aparır.
Turnirin ikinci günündə oğlanlar arasında 41, 45, 49, qadınların mübarizəsində isə 33 və 44 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
İyulun 25-də Azərbaycan milli komandasının beş üzvü - Diana Hacəliyeva (33 kq), Aytən Süleymanova (44 kq), Aqşin Abdulov (41 kq), Həsən Həsənov (45 kq) və Ruslan Babayev (49 kq) birincilik uğrunda dayanq üzərinə çıxıblar. Taekvondoçularımız mükafatçılar sırasında yer ala bilməyiblər.
Oğlanların mübarizəsində Ruslan Babayev (49 kq) ilk görüşdə Erik Olofssona (İsveç), Aqşin Abdulov (41 kq) isə Jaber Mezianeye (Fransa), qızların yarışında Diana Hacəliyeva (33 kq) Ailester Fias İlona (Filippin) qalib gələrək növbəti mərhələyə adlayıblar. Aytən Süleymanova (44 kq) və Həsən Həsənov (45 kq) isə ilk görüşdən sonra turnirdə iştiraklarını dayandırıblar.
Ruslan Babayev (49 kq) ikinci görüşdə Lyne Stone Celinə (Fransa), Aqşin Abdulov (41 kq) Zika Korpara (Sloveniya) daha sonra Vahid Abdula (Hindistan), qızların yarışında Diana Hacəliyeva (33 kq) Hilal Simsəkə (Türkiyə) daha sonra Karla Salcedoya (Ekvador) məğlub olaraq turnirdə iştiraklarını yekunlaşdırıblar.
Turnirin final mərhələsi də gərgin idman mübarizəsi ilə yadda qalıb.
Qızlar arasında Donya Mohammadi (34 kq, İran), Jeih Çen Die (33 kq, Çin), oğlanların mübarizəsində isə Vito Dellaquila (33 kq, İtaliya), Dmitri Postuxov (39 kq, Rusiya), Zaid Honq Alhalavani (34 kq, İordaniya) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Çempionatın üçüncü günündə - iyulun 26-da Azərbaycan idmançılarından Nuranə İbrahimova (47 kq), Şəms İsayeva (51 kq), Rafaella Hüseynova (55 kq), Qasım Aslanov ( 53 kq) və Nicat Musayev (57 kq) mübarizəyə qoşulacaqlar.