Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib
Bakı, 13 mart, AZƏRTAC
Polis orqanları yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində kəsərli tədbirləri fasiləsiz davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 12-də nazirliyin Baş İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis idarələri əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində üç köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkarlanıb.
Polis əməkdaşları tərəfindən həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.